Cüdoçular Buxarestdən bir gümüş medalla qayıtdılar

Cüdoçular Buxarestdən bir gümüş medalla qayıtdılar


Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatına yekun vurulub. İki gün davam edən yarışda 40 ölkədən 409 idmançı mübarizə aparıb. Yarışda iştirak edən komandamız baş məşqçi Fərhad Məmmədov və məşqçi Elçin İsmayılovun rəhbərliyi altında 10 idmançı ilə təmsil olunub. Çempionatın ilk günündə çəkisi 55 kq, 60 kq, 66 kq və 73 kq olan cüdoçular mübarizəyə başlayıblar.
Qitə çempionatının birinci günündə təmsilçilərimizdən Natiq Qurbanlı (55 kq), Mehman Sadığov, Davud Məmmədov (hər ikisi 60 kq), Rəşad Rufullayev, Hidayət Hüseynov (hər ikisi 66 kq), Fəqan Quluzadə və Hüseyn Rəhimli (hər ikisi 73 kq) tatami üzərinə çıxıblar. Təəssüf ki idmançılarımızdan heç biri mükafatçılar sırasına düşə bilməyiblər. Qitə çempionatının ikinci günündə isə çəkisi 81 kq, 90 kq, 100 kq və 100+ kq olan idmançılar mübarizəyə başlayıblar.
Yarışların ikinci günündə komandamızın iki üzvü Firudin Dadaşov (90 kq) və Cəlil Şükürov (100 kq) qüvvəsini sınayıb.
Təmsilçilərimizdən yalnız Firudin Dadaşov mükafatçılar sırasında yer alıb. Finala qədər inamla irəliləyən cüdoçumuz həlledici mərhələdə Gürcüstan idmançısı Beka Qviniaşviliyə məğlub olaraq gümüş medalla kifayətlənib.
Beləliklə, 1 gümüş medal qazanan cüdo üzrə millimiz komanda hesabında 40 ölkə arasında 18-ci yeri tutub.