Beynəlxalq Cüdo Federasiyası oktyabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb. Tərtib olunan siyahı millimizin aparıcı üzvləri üçün uğurlu alınıb.
Belə ki, təmsilçilərimizdən Tural Səfquliyev (81 kq) 3, Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Məhəmmədəli Mehdiyev
(81 kq), Elmar Qasımov (100 kq) və Kifayət Qasımova (57 kq) 1 pillə irəliləyiblər. Onlar müvafiq olaraq, 52-ci, 6-cı, 11-ci, 47-ci, 4-cü və 23-cü yerə yüksəliblər.
Dünya çempionumuz Elxan Məmmədov (100 kq) 3-cü pillədəki mövqeyini qoruyub. Digər cüdoçularımızdan Nicat Şıxəlizadə və Tərlan Kərimov (hər ikisi 66 kq) ötən siyahıda olduğu kimi yenə də müvafiq olaraq, 10-cu, 85-ci pillədə qərarlaşıblar.
Yeni siyahıda yığmamızın üzvlərindən Rüstəm Orucovla (73 kq) Şahin Qəhrəmanov (90 kq) isə geriləyənlər sırasındadırlar. Belə ki, hərəyə bir pilə geriləməklə R.Orucov 14-cü, Şahin Qəhrəmanov isə 25-ci pilləyə eniblər.
Məlumat üçün qeyd edək ki, cüdo idman növündə Olimpiya oyunlarına lisenziya reytinq xalına əsasən verilir.
Son aylarda isə bir sıra mötəbər turnirlərdən kənarda qalan cüdo yığmamız oktyabrın 10-12-də Astanada keçiriləcək Qran-pri turnirində də iştirak etməyəcək.
Azərbaycanın millisinin kənarda qaldığı yarışda 42 ölkədən 452 cüdoçu qüvvəsini sınayacaq.
Reytinq xalı verəcək turnirdə millimizin iştirak etməməsi isə cüdoçularımızın növbəti reytinq siyahısında daha da geriləməsinə səbəb olacaq.