Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr arasında keçirilən XI Respublika Universiadası davam edir.
Mart, aprel və may aylarını əhatə edən turnirin keçirilməsində əsas məqsəd tələbələri idmana cəlb etmək, onların asudə vaxtlarını səmərəli təşkil etmək, tələbə-idmançıların ustalıqlarını artırmaq və Rusiyanın Kazan şəhərində keçiriləcək XXVII Ümumdünya Universiadasına hazırlığı təmin etmək olub.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi kollegiyalarının, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin birgə qərarı və "Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə keçirilən turnirdə cüdo üzrə yarışlara yekun vurulub. Milli Aviasiya Akademiyasının idman kompleksində keçirilən yarışda 15 komandadan 70 tələbə-idmançı qalib adı uğrunda mübarizə aparıb. Gərgin idman mübəarzəsi şəraitində keçən yarışda Azərbaycan Tibb Universitetinin komandası bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ikinci, Azərbaycan Texniki Universitetinin komandası isə üçüncü yerə layiq görülüb.