Oktyabrın 18-də paytaxtımızda Bakı-2015 İlk Avropa Oyunlarının proqramına daxil olan dağ velosipedi idman növü üzrə sınaq yarışına start verildi. Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı keçirilən yarış dağ velosipedi parkında (yeni avtovağzalın arxası) baş tutdu.
Birgünlük yarış çətinlik dərəcəsinə görə Beynəlxalq Velosipedçilər İttifaqının 3-cü kateqoriyasına aiddir. Sınaq turnirində 10 qadın və 30 kişi idmançı qüvvəsini sınayır. Qeyd edək ki, idmançılar Beynəlxalq Velosipedçilər İttifaqının reytinq siyahısına əsasən xüsusi dəvətlə seçilib. Azərbaycan yığma komandası yarışda 3 kişi velosipedçi ilə - Aqşin İsmayılov, Murad Sultanov və Orxan Məmmədovla təmsil olunur. Reqlamentə əsasən yarışdan iki gün əvvəl iştirakçı komandalar yarış yollarında tanışlıq xarakterli yürüşlər həyata keçiriblər. Qeyd edək ki, velosipedçilər uzunluğu 4,1 kmolan zolaq boyunca 6 dövrədə yarışırlar.
Səhər saat 10:00-da qadın velosipedçilər mübarizəyə qoşuldular. Qadınlar arasında birinci yeri Ukrayna təmsilçisi İona Bolomoina (1:24:46) tutdu. İkinci və üçüncü pillələrdə, müvafiq olaraq, İsveç təmsilçiləri Katrin Stirnemann (1:25:50) və Linda İntergland (1:31:21) qərarlaşdılar.