Fransanın Qvadelupa adasında velosiped idmanının trek növü üzrə Avropa çempionatı başa çatıb. Qitənin 30-dan artıq ölkəsinin iştirak etdiyi yarışda Azərbaycan 3 velosipedçi ilə təmsil olunub. Təmsilçilərimizdən ən yüksək nəticəni Olqa İsmayılova göstərib. O, 500 metr məsafəyə sprint yarışlarında 4-cü yeri tutub. Qeyd edək ki, bu, Azərbaycan velosipedçilərinin trek növü qitə çempionatlarında əldə etdikləri ən yüksək nəticədir. Bu məsafəyə sprint yarışında idmançımız bürünc medalın bir addamlığında dayanmalı olub. Onu bürünc medaldan cəmi 0.111 saniyə vaxt ayırıb. Xatırladaq ki, bu vaxta qədər trek üzrə Avropa çempionatlarında ən yüksək nəticəmiz 2005-ci ildə əldə olunub - 12-ci yer.
Qeyd edək ki, yığma komandamız Qvadelupadan birbaşa Meksikaya yollanacaq və noyabrın 8-9-da bu ölkədə keçiriləcək Dünya kubokunun birinci mərhələsinə hazırlaşacaq.