İran İslam Respublikasından olan həvəskar velosipedçi Azad Rəhmətullah "Sülh yürüşü” çərçivəsində Azərbaycana gəlib. Səyahətə 10 gün öncə başlayan velosipedçi bir neçə gün ölkəmizdə olacaq.
Qonaq Azərbaycan Velosiped İdmanı Federasiyasının ofisində qurumun baş katibi Fərhad Əliyevlə görüşüb. Azad Rəhmətullahın həyata keçirdiyi "Sülh yürüşü”nü yüksək qiymətləndirən federasiya rəsmisi bu cür tədbirlərin ölkələr və xalqlar arasındakı münasibətlərə müsbət təsir göstərdiyini deyib və Azərbaycanda bu idman növünün son illər ərzində keçdiyi inkişaf yolundan danışıb.
Səmimi qəbul üçün Fərhad Əliyevə təşəkkürünü bildirən Azad Rəhmətullah qarşıdakı planları haqqında fikirlərini bölüşüb. O qeyd edib ki, həyata keçirdiyi yürüş çərçivəsində Gürcüstan, Türkiyə və bir neçə Avropa ölkəsində də olacaq və 2 ay müddətində velosipedlə ümumilikdə 4000 km məsafə qət edəcək.