Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən cüdo üzrə "Böyük
dəbilqə” turnirinə yekun vurulub. Olimpnews.az xəbər verir ki, üç gün davam edən
yarışda 65 ölkədən 401 idmançı qüvvəsini sınayıb. Turinrdə iştirak edən Azərbaycan millisi baş məşqçi Hacıağa Hacıəliyevin rəhbərliyi
altında 11 cüdoçu ilə təmsil olunub.
İlk yarış günündə tatamiyə 4 cüdoçumuz çıxıb ki, onlardan üçü mükafatçılar sırasında yer alıb.
Komandamızın heyətində ən yaxşı nəticəni 60 kq çəki
dərəcəsində mübarizə aparan Orxan Səfərov göstərib. O, finalda Amartuvşin
Daşdavaya (Monqolustan) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer
alıb.
66 kq çəki dərəcəsində tatamiyə çıxan Tərlan Kərimov da
turniri medalla başa vurub. Finala kimi
inamla irəliləyən cüdoçumuz həlledici mərhələdə dünya kubokunun sahibi Dmitri
Şerşana (Belarus) məğlub olaraq gümüş medala sahib olub. Komandamıza daha bir mükafatı 60 kq
çəki dərəcəsində yarışan İlqar Müşkiyev qazandırıb. Həmyerlimiz 3-cü yer uğrunda görüşdə ispaniyalı Fransisko Qarriqosa
qalib gələrək bürünc medal qazanıb.
Yarışın ikinci günündə komandamız bir medalla kifayətlənib. Rüstəm
Orucov 73 kq çəki dərəcəsində bürünc medala layiq görülüb.
Məlumat üçün qeyd edək ki, dünya çempionumuz Elxan Məmmədov (100 kq), həmçinin,
əsas heyət üzvlərindən Nicat Şıxəlizadə (66 kq) və Kifayət Qasımova (57 kq) bu
turnirdə iştirak etməyiblər.