Cüdoçuların yeni reytinq siyahısı açıqlandı

Cüdoçuların yeni reytinq siyahısı açıqlandı

Beynəlxalq Cüdo Federasiyası noyabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb. Tərtib olunan siyahı millimizin aparıcı üzvləri üçün uğurlu alınıb. Belə ki, Abu-Dabidə keçirilən "Böyük dəbilqə” turnirindəki uğurlu nəticə cüdoçularımızın reytinqinə təsir edib. Bu turnirdə 60 kq çəki dərəcəsində qızıl medal qazanan Orxan Səfərov və üçüncü olan İlqar Müşkiyev reytinq cədvəlində irəliləyiblər. Orxan Səfərov bir pillə irəliləyərək 1821 xalla beşinci yerdə qərarlaşıb. İlqar Müşkiyev də bir pillə irəliləyərək 11-ci sıraya yüksəlib. Abu-Dabidə gümüş medal qazanan Tərlan Kərimov (66 kq) 441 xalla 35-ci pillədədir. 66 kq çəki dərəcəsində yarışan Nicat Şıxəlizadə isə ilk "onluğu” tərk edib. O, digər komanda yoldaşlarından fərqli olaraq bir pillə geriləyərək 11-ci sırada yer alıb. Təmsilçilərimizdən Rüstəm Orucov (73 kq) 14-cü pillədən 11-ci yerə qalxıb. Onun aktivində 1161 xal var. Yeganə dünya çempionumuz Elxan Məmmədov 100 kq çəki dərəcəsində 1612 xalla dördüncüdür. E. Məmmədovdan iki pillə geridə qalan Elmar Qasımovun (100 kq) 1565 xalı var. Qadın idmançılardan isə yeganə təmsilçimiz Kifayət Qasımova 57 kq çəki dərəcəsində 603 xalla 24-cüdür.
Komanda yoldaşlarından fərqli olaraq, digər cüdoçularımız Tural Səfquliyev, Məmmədəli Mehdiyev (hər ikisi 81 kq) və Şahin Qəhrəmanov (90 kq) geriləyənlər sırasındadırlar. Onlar, müvafiq olaraq, 63-cü, 49-cu və 27-ci pillədə yer alıblar.
Məlumat üçün qeyd edək ki, cüdo idman növündə Olimpiya oyunlarına lisenziya reytinq xalına əsasən verilir.