Fuad Cəfərovun xatirəsinə həsr olunan beynəlxalq turnirə yekun vurulub

Fuad Cəfərovun xatirəsinə həsr olunan beynəlxalq turnirə yekun vurulub


Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru Fuad Cəfərovun xatirəsinə həsr olunan klassik şahmat üzrə beynəlxalq turnirə yekun vurulub.
Respublika Şahmat Mərkəzində İsveçrə sistemi üzrə keçirilən turnirdə Azərbaycan, Rusiya və Gürcüstandan olan 30 zəka sahibi birincilik uğrunda mübarizə aparıb. Beynəlxalq reytinqli şahmatçıların mübarizə apardığı turnir 7 turdan ibarət olub. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 5,5 xal toplayan Rəşad Zeynallı qalib adını qazanıb. Oğuz Abışlı ikinci, Orxan Talışzadə isə üçüncü pillədə qərarlaşıblar. Fəxri kürsüdə yer alan şahmatçılara kubok və pul mükafatları təqdim olunub. Həmçinin gənc şahmatçılardan Nail Bəşirli, veteranlardan isə Konstantin Kananenko da kubok və pul mükafatları ilə təltif edilib. Yarışın ən kiçik yaşlı şahmatçısı Vüqar Manafova xatirə hədiyyəsi təqdim olunub. Turnirin qalibi Rəşad Zeynallı yarışın gərgin idman mübarizəsi şəraitində keçdiyini diqqətə çatdırıb. Bildirib ki, ənənəvi xarakter daşıyan yarışda bir çox perspektivli azərbaycanlı şahmatçılar mübarizə aparıblar.