“Teymur Rəcəbovun şansları çox yüksəkdir”

“Teymur Rəcəbovun şansları çox yüksəkdir”

Martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda start götürəcək şahmat üzrə iddiaçılar turnirinin açlıış mərasimi olub. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov iştirak edib. Londona səfər etməzdən əvvəl nazir UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin fövqəladə və daimi məşvərətçi Şurasının iclasında iştirak edib. KİV nümayəndələrinə məlumat verən gənclər və idman naziri yarış barəsində bunları deyib: "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təşkil olunan nüfuzlu yarışda dünyanın səkkiz ən güclü şahmatçısı iştirak edəcək. Onların arasında Azərbaycan şahmatçısı qrossmeyster Teymur Rəcəbov da birincilik uğrunda mübarizə aparacaq. Düşünürük ki, Teymur Rəcəbovun şansları çox yüksəkdir. Biz onun turniri birinci yerdə başa vura biləcəyinə inanırıq”.
Qeyd edək ki, martın 15-də start götürəcək iddiaçılar turniri aprelin 1-nə kimi davam edəcək. Teymur Rəcəbov (2743) yarışda Maqnus Karlsen (Norveç, 2872), Vladimir Kramnik (Rusiya, 2810), Levon Aronyan (Ermənistan, 2809), Aleksandr Qrişuk (Rusiya, 2764), Vasili İvançuk (Ukrayna, 2758), Petr Svidler (Rusiya, 2747) və Boris Gelfand (İsrail, 2740) kimi güclü rəqibləri ilə üz-üzə gələcək. Artıq birinci turun qarşılaşmaları məlumdur. Belə ki, Teymur Rəcəbovun ilk rəqibi israilli Boris Gelfand olacaq. Aronyan Karlsenlə, İvançuk Qrişukla, Svidler isə Kramniklə qarşılaşacaq.
Turnirin qalibi dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla üz-üzə görüşəcək.