Polşanın Vrotslav şəhərində keçirilən 23 yaşınadək gənclər arasında cüdo üzrə Avropa çempionatına yekun vurulub. 37 ölkədən 298 (195 kişi, 103 qadın) cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayırdılar.
Qitə çempionatında baş məşqçi Hacıağa Hacıəhmədov və Mehman Əzizovun rəhbərliyi altında 8 idmançımız qalib adı uğrunda yarışıb. Üç gün davam edən turnirdə komandamız bir gümüş və iki bürünc medal qazanıb. Yarışın ilk günündə mübarizəyə başlayan Mehman Sadıqov (60 kq) ardıcıl olaraq Lüksenburq, Polşa və Bolqarıstan idmançılarına qalib gəlsə də, növbəti mərhələdə rusiyalı İslam Yaşuyevə məğlub olub. Bürünc medal uğrunda mübarizə üçün şansını saxlayan cüdoçumuz Belarus təmsilçisi Arif Bağırova qalib gələrək III yerlə kifayətlənib. Komandamıza digər bürünc medalı isə 73 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Rəhimli qazandırıb. O, həlledici görüşdə yunanıstanlı idmançı Georgios Azadisə qalib gələrək, bürünc medala sahib çıxıb.
Yarışların sonuncu günündə təmslçimiz Uşangi Kokauri (+100 kq) finala vəsiqə qazanıb. Lakin finalda rusiyalı Anton Krivobokova uduzan cüdoçumuz gümüş medal qazanıb.