Beynəlxalq Şahmat Federasiyası (FİDE) noyabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb. FİDE-nin 100 ən güclü kişi şahmatçısının reytinq cədvəlində Azərbaycan şahmatçıları da yer alıb. Qrossmeysterlərimizdən Şəhriyar Məmmədyarov ötən siyahı ilə müqayisədə üç pillə geriləyərək 13-cü pillədə qərarlaşıb. Milli komandamızın liderlərindən biri olan Şəhriyarın Bakıda keçirilən FİDE Qran-pri turnirində göstərdiyi qeyri-stabil oyun onun nəticəsinə təsirsiz ötüşməyib. Qrossmeysterimizin aktivində 2757 xal var.
Tərtib olunan yeni cədvəldə Teymur Rəcəbov irəliləyib. Şahmatçımız yeni siyahıda 2730 xalla 21-ci pillədə qərarlaşıb.
Reytinq cədvəlinin ilk üçlüyündə də isə heç bir dəyişiklik olmayıb. Siyahıya, əvvəlki kimi, 2863 xalla norveçli Maqnus Karlsen başçılıq edir. İtaliyalı Fabiano Karuana (2844) ikinci, bolqarıstanlı Veselin Topalov (2800) isə üçüncü sıradakı mövqeyini qoruyub.
Ən gənc şahmatçıların reytinq siyahısında hindistanlı zəka sahibi Aniş Qiri (2776) liderlik edir. Macarıstanlı Riçard Rapport (2718) və çinli Yanqyi Yu (2705) ilk üçlüyü qapayır. Azərbaycan təmsilçləri Nicat Abbasov (2509) 43-cü, Ülvi Bacarani (2494) isə 54-cü sırada qərarlaşıb.
Qızlardan ibarət ən gənc şahmatçıların reytinq sıralamasında cədvələ çinli Yifan Hou başçılıq edir. Qi Quo (Çin) 2458 xalla ikinci, Aleksandra Qoryaçkina (Rusiya) isə 2438 xalla üçüncü sırada yer alıb. Azərbaycanlı şahmatçılardan Günay Məmmədzadə (2316) 20-ci, Səbinə İbrahimova (2273) 28-ci, Ülviyyə Fətəliyeva (2252) 35-ci, Aydan Höccətova (2217) 53-cü, Nərmin Xələfova (2161) 96-cı sırada qərarlaşıblar.