Cüdoçularımız Qran-pri turnirində mübarizə aparırlar

Cüdoçularımız Qran-pri turnirində mübarizə aparırlar

Noyabrın 27-də Koreya Respublikasının Jeju şəhərində böyüklər arasında cüdo üzrə Qran-pri turniri start götürüb. 42 ölkədən 278 (153 kişi, 125 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayırlar. Komandamız Qran-pri turnirində baş məşqçi Hacıağa Hacıəhmədov və Mehman Əzizovun rəhbərliyi altında 8 cüdoçu ilə təmsil olunur. Yarışların ilk günündə iki cüdoçumuz tatami üzərinə çıxıb. Cüdoçularımızdan ilk olaraq Orxan Səfərov və İlqar Müşkiyev (hər ikisi 60 kq) mübarizəyə başlayıblar. Təəssüf ki, hər iki idmançımız mükafatçılar sırasına düşə bilməyiblər. Mübarizəyə yaxşı başlayan Orxan Səfərov (60 kq) ilk görüşdə Koreya idmançısından üstün olub. Növbəti görüşdə Böyük Britaniya idmançısına qalib gələn cüdoçumuz, yarımfinalda koreyalı Yin Von Kimə məğlub olub. Koreyalı idmançının finala çıxması cüdoçumuza bürünc medal uğrunda görüşdə iştirak hüququ qazandırıb. Lakin bu şansını da dəyərləndirə bilməyən Orxan Səfərov monqolustanlı idmançıya da məğlub olaraq yarışları beşinci sırada tamamlayıb. Digər cüdoçumuz İlqar Müşkiyev ilk görüşdə rusiyalı Dmitri Kulikova uduzaraq mübarizəni erkən dayandırıb.
Noyabrın 29-dək davam edəcək turnirdə daha 6 idmançımız tatami üzərinə çıxacaq.
Məlumat üçün qeyd edək ki, Qran-pri yarışı başa çatdıqdan sonra cüdoçularımız həmin ölkədə üç günlük təlim-məşq toplanışında iştirak edəcəklər.