Şahmatçılarımız FİDE-nin reytinqində

Şahmatçılarımız FİDE-nin reytinqində


Beynəlxalq Şahmat Federasiyası (FİDE) ilin son ayı üçün yeni reytinq cədvəlini açıqlayıb. Dekabr ayı üçün nəzərdə tutulan reytinq cədvəlində Azərbaycan şahmatçıları fərqli pillələrdə qərarlaşıblar. Belə ki, qrossmeysterlərimizdən ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarov məxsusdur. Milli komandamızın aparıcı üzvü son yarışlardakı uğurlu çıxış sayəsində 2 rəqibini qabaqlayaraq, 11-ci yerə yüksəlib. Onun aktivində 2765 xalı var.
Şəhriyar Məmmədyarovdan fərqli olaraq Teymur Rəcəbov mövqeyini qoruyub. O, 2734 xalla cədvəlin 21-ci pilləsində yer alıb. Yığmamızın liderlərindən olan Rauf Məmmədov (2658) ötən ay tərk etdiyi "ilk yüzlüy”ə qayıdıb. Rauf Məmmədov hazrıda siyahıda 94-cü yerdədir.
Reytinq cədvəlinin ilk "üçlüyü”ndə müvafiq olaraq Maqnus Karlsen (Norveç, 2862), Fabiano Karuana (İtaliya, 2844) və Aleksandr Qrişuk (2810) qərarlaşıblar. FİDE, həmçinin rapid və blits növləri üzrə də reytinq cədvəlində dəyişiklik edib. Sürətli şahmatçıların "100-lüy”ündə 4 təmsilçimiz yer alıb. Burada Teymur Rəcəbov 12-ci (2776), Şəhriyar Məmmədyarov (2739) 20-ci, Qədir Hüseynov (2709) 40-cı, Rauf Məmmədov (2707) 42-cidir. Siyahıya 2858 xalla italiyalı Fabiano Karuana başçılıq edir. Blits növündə isə Şəhriyar Məmmədyarov üç ən güclü sırasında yer alıb. Qrossmeysterimiz (2866) Karlsen (2948) və Hikaru Nakamuradan (ABŞ, 2906) geri qalır. Bu siyahıda Teymur Rəcəbov (2715) 36-cı, Eltaj Səfərli (2676) 71-ci, Qədir Hüseynov (2653) 96-cı pillədədir. Qeyd edək ki, qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.