Şahmatçılarımız “Qatar Masters Open 2014”-də uğurla yarışırlar

Şahmatçılarımız “Qatar Masters Open 2014”-də uğurla yarışırlar


Qətərin paytaxtı Dohada keçirilən "Qatar Masters Open 2014” beynəlxalq şahmat turnirində 6-cı turun oyunları başa çatıb. Azərbaycanın idman şərəfini bu turnirdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Vasif Durarbəyli, Qədir Hüseynov, Günay Məmmədzadə və Zeynəb Məmmədyarova təmsil edirlər.
"Qatar Masters Open 2014”-də 6-cı turda qara fiqurlarla mübarizə aparan təmsilçilərimizdən Rauf Məmmədov Polşa təmsilçisi Dariuş Sverç, Qədir Hüseynov ukraynalı Sergey Fedorcuk, Vasif Durarəyli Fransa şahmatçısı Fabien Libijevski və Zeynəb Məmmədyarova indoneziyalı Xarisma Sukandar üzərində qələbə qazanıblar. Eltac Səfərli və Fransa şahmatçısı Maksim Vaşe Laqrav qarşılaşmadan sülhlə ayrılıb. Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə isə bu turda məğlubiyyətlə üzləşiblər.
Altı turdan sonra Rauf Məmmədov 4,5 xalla 3-14-cü yerləri bölüşdürür. Qədir Hüseynov, Vasif Durarbəyli və Eltac Səfərlinin 4, Şəhriyar Məmmədyarovun 3,5, Günay Məmmədzadənin 3, Zeynəb Məmmədyarovanın isə 2,5 xalı var.
Turnirə aktivinə 6 xal yazan Hollandiya şahmatçısı Aniş Giri liderlik edir. Yarışda Azərbaycan da daxil olmaqla 40-dək ölkədən 154 şahmatçı (111 beynəlxalq qrossmeyster) iştirak edir. İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilən yarış dekabrın 5-də başa çatacaq. Turnirin ümumi mükafat fondu 100 min avrodur.