“Məktəbli Kuboku” layihəsinə start verilib

“Məktəbli Kuboku” layihəsinə start verilib


"Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrası, velosiped idmanının daha da populyarlaşması və kütləviliyi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliğ olunması və yeni istedadların üzə çıxması məqsədilə Azərbaycan Velosiped İdmanı Federasiyası "Məktəbli Kuboku” layihəsinin icrasına başlayır.
Velosiped İdmanı Federasiyasından olimpnews.az-a daxil olan xəbərə görə, Nərimanov rayon gənclər və idman idarəsi ilə əldə olunmuş razılığa əsasən, dekabrın 15-də Veloparkda Nərimanov rayonunun məktəbliləri arasında velosiped yarışı keçiriləcək.
Saat 11:00-da start götürəcək yarışda komandaların tərkibi 4 nəfərdən (2 qız, 2 oğlan) ibarət olacaq. İştirakçılar velosiped və digər zəruri avadanlıqla təmin ediləcək. Ümumilikdə 20-dən artıq komandanın iştirak edəcəyi yarışda ilk 3 yeri tutacaq kollektivlər federasiya tərəfindən müvafiq olaraq 200, 150 və 100 manat pul mükafatı, kubok, medal və diplomla təltif ediləcək.
Nərimanov rayonunun məktəbliləri arasında keçiriləcək bu yarış pilot layihədir. Müsbət nəticə əldə olunacağı təqdirdə, ümumrespublika "Məktəbli Kuboku”nun təşkili də nəzərdə tutulur.