Dohada çempionluq uğrunda mübarizə gərginləşib

Dohada çempionluq uğrunda mübarizə gərginləşib


Qətərin paytaxtı Doha şəhərində keçirilən "Qətər Masters Open 2014” beynəlxalq şahmat turnirində 6-cı turun oyunları başa çatıb. Xəbər verdiyimiz kimi ölkəmizi bu turnirdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Vasif Durarbəyli, Qədir Hüseynov, Günay Məmmədzadə və Zeynəb Məmmədyarova təmsil edirlər.
6-cı turda qara fiqurlarla mübarizə aparan təmsilçilərimizdən Rauf Məmmədov Polşa təmsilçisi Dariuş Sverç, Qədir Hüseynov ukraynalı Sergey Fedorcuk, Vasif Durarbəyli Fransa şahmatçısı Fabien Libijevski və nəhayət Zeynəb Məmmədyarova indoneziyalı Xarisma Sukandarla görüşdə qələbə qazanıblar. Eltac Səfərli ilə Fransa şahmatçısı Maksim Vaşe Laqravın qarşılaşması sülhlə nəticələnib. Bu turda Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə məğlubiyyətlə üzləşiblər.

6 turdan sonra Rauf Məmmədov 4,5 xalla 3-14-cü yerləri bölüşdürür. Qədir Hüseynov, Vasif Durarbəyli və Eltac Səfərlinin 4 xalı, Şəhriyar Məmmədyarovun 3,5 xalı, Günay Məmmədzadənin 3 xalı, Zeynəb Məmmədyarovanın isə aktivində 2,5 xalı var.
Turnirə aktivinə 6 xal yazan Hollandiya şahmatçısı Aniş Qiri liderlik edir.
Xatırladaq ki, turnirdə Azərbaycan da daxil olmaqla 40-dək ölkədən 154 şahmatçı (111 beynəlxalq qrossmeyster) iştirak edir. İsveçrə sistemi ilə keçirilən, 9 turdan ibarət yarış dekabrın 5-də başa çatacaq. Turnirin ümumi mükafat fondu 100 min avrodur.