Dekabrın 2-də Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsinin və "Müşviq” adına Qaradağ Əlil Uşaqlara Yardım İctimai Birliyinin təşkilatçılığı ilə 3 Dekabr Beynəlxalq Əlillər Günü münasibətilə uşaqlar arasında stolüstü oyunlar (şahmat, dama, domino) üzrə yarışlar keçirilib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov çıxış edərək əlil insanlara göstərilən dövlət qayğısından, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı xeyriyyə aksiyalarından danışıb. O bildirib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların idman bacarıqlarının üzə çıxarılması və dəstəklənməsidir.
Birliyin sədri Validə Abbasova uşaqların, o cümlədən azyaşlı əlillərin sosial problemlərinin həllinin rayon rəhbərliyinin daim diqqət mərkəzində saxlandığını vurğulayıb, bu istiqamətdə görülən işləri qeyd edib.
Sonra əlil uşaqlar arasında yarışlar keçirilib. Qaliblər fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılıblar.