Bakıda qapalı velodrom inşa ediləcək

Bakıda qapalı velodrom inşa ediləcək

Londonda velosiped idmanının trek növü üzrə keçirilən Dünya Kubokunun ikinci mərhələsi başa çatıb. Yarışı izləmək üçün İngiltərə paytaxtında olan Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVIF) vitse-prezidenti Sahib Ələkbərov bir sıra işgüzar görüşlər keçirib.
Azərbaycan Velosiped Federasiyasından olimpnews.az-a daxil olan xəbərə görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) trek üzrə əlaqələndiricisi Gill Peruzzi ilə görüşdə yaxın gələcəkdə Azərbaycanda inşa olunacaq velodromla bağlı məsələlər müzakirə edilib.
UCI-nin prezidenti Brayn Kuksonla görüşdə isə federasiya rəsmisi son illər Azərbaycanda velosiped idmanının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, ölkəmizdə idmana göstərilən dövlət qayğısı və beynəlxalq idman qurumları ilə sıx əməkdaşlıq nəticəsində həm idmanın bu növü üzrə infrastruktur yaxşılaşır, həm də Azərbaycan velosipedçilərinin peşəkarlıq səviyyəsi gündən-günə artır.
Sahib Ələkbərov Azərbaycanda dağ velosiped idmanı parkının tikintisinin artıq başa çatdığını, BMX stadionunun inşasının isə yekunlaşmaq üzrə olduğunu bildirib. O, Prezident İlham Əliyevin göstərişi ilə gələn il Bakıda dünya standartlarına tam cavab verəcək qapalı velodromun tikintisinə başlanılmasının da nəzərdə tutulduğunu deyib. Bakı-2015 ilk Avropa Oyunlarının proqramına daxil edilmiş velosiped yarışlarına hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğunu deyən federasiya rəsmisi UCI prezidentini bu mötəbər idman tədbirinə baxmaq üçün Azərbaycana dəvət edib.
Dəvət üçün minnətdarlığını bildirən Brayn Kukson tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarını izləməkdən məmnun olacağını söyləyərək Azərbaycanda idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. O, AVİF-in son illər fəallığı ilə seçildiyini vurğulayaraq, ölkəmizdə velosiped idmanının inkişafına hər cür dəstək göstərməyə hazır olduğunu söyləyib.