Qətərin paytaxtı Doha şəhərində keçirilən "Qatar Masters Open 2014” beynəlxalq şahmat turnirinə yekun vurulub. Sonuncu turda qara fiqurlarla mübarizə aparan təmsilçimiz Vasif Durarbəyli Ukrayna təmsilçisi Yuriy Krivoruckonu məğlub edib. Rauf Məmmədov və Zeynəb Məmmədyarova isə Hindistan təmsilçiləri üzərində qələbə qazanıblar. Şəhriyar Məmmədyarov Polşa şahmatçısı Dariuş Sverclə xalları yarı bölüblər. Digər zəka sahiblərimizdən Eltac Səfərli rusiyalı rəqibi Yevgeni Tomaşevskiylə, Qədir Hüseynov isə Ermənistan təmsilçisi Qabriel Sarkisyanla sülhə razılaşıb. Günay Məmmədzadə isə İran şahmatçısı Sarasadat Xademalşarieşə məğlub olub.
Beləliklə, aktivində 6,5 xal olan Vasif Durarbəyli turniri beşinci pillədə başa vurub. Eltac Səfərli 6 xalla 7-23-cü yerləri bölüşdürərək əlavə göstəricilərə görə 18-ci pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov və Rauf Məmmədov 5,5 xal, Qədir Hüseynov 5 xal, Zeynəb Məmmədyarova 4,5 xal və Günay Məmmədzadə 3 xal toplayıblar.
Turnirin qalibi adını 7,5 xal toplayan Çin şahmatçısı Yu Yanqyi qazanıb.