Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən cüdo üzrə "Böyük dəbilqə” turnirinə yekun vurulub. 65 ölkədən 416 (246 kişi, 170 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da mübarizə aparıblar. Üç gün davam edən turnirdə yığmamız baş məşqçi Hacıağa Hacıəhmədovun rəhbərliyi altında 10 (9 kişi, 1 qadın) idmançı ilə təmsil olunub. Təəssüf ki, cüdoçularımızdan heç biri mükafatçılar sırasına düşə bilməyib. Təmsilçilərimizdən ən yaxşı nəticəni Rüstəm Orucov (73 kq) göstərib. Yarışın ikinci günündə mübarizəyə başlayan cüdoçumuz ilk görüşdə gürcüstanlı rəqibindən üstün olub. Növbəti mərhələdə yaponiyalı Yuki Nişiyamanı da üstələyən həmyerlimiz yarımfinalda digər yaponiyalı Hiroyuki Akimotoya məğlub olub. Üçüncü yer uğrunda görüşə çıxan Rüstəm Orucov Cənubi Koreya cüdoçusuna da məğlub olaraq yarışı beşinci yerdə tamamlayıb.
Beləliklə, cudoçularımız ilin son yarışını medalsız başa vurublar.