Şahmatçımız Pekində bürünc medal qazanıb

Şahmatçımız Pekində bürünc medal qazanıb


Çinin paytaxtı Pekin şəhərində keçirilən Dünya İntellektual Oyunları çərçivəsində şahmat turnirində yarışlara yekun vurulub.
İsveçrə sistemi ilə keçirilən blits yarışlarında 16 kişi və 16 qadın şahmatçı iştirak edib. Turnirdə komandamız Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovla təmsil olunub.
Kişilərin turnirində 19,5 xalla rusiyalı Aleksandr Qrişşuk birinci yerə layiq görülüb. İkinci yerə 18,5 xalla fransız Maksim Vaşye-Laqrav, üçüncü yerə isə 18 xalla azərbaycanlı qrossmeyster Teymur Rəcəbov sahib çıxıb. 17 xal toplayan Şəhriyar Məmmədyarov ukraynalı Vasili İvançuk və rusiyalı Yan Nepomnyaşi ilə 5-7-ci yerləri bölüşüb.
Qadınların yarışında 22,5 xalla çinli Xou İfan qalib olub. Rusiyalı Valentina Qunina və ukraynalı Anna Muzıçuk hərəyə 19,5 xal toplayıblar. Əlavə göstəricilərinə görə rusiyalı şahmatçı ikinci yeri tutub.
Şahmatın bask növü (idmançılar eyni vaxtda iki taxtada müxtəlif rəngli fiqurlarla bir-birinə qarşı mübarizə aparırlar) üzrə keçirilən yarışlar da başa çatıb.
Yekunda təmsilçilərimizin hər ikisi - Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Fransa şahmatçısı Maksim Vaşe - Laqrav 6 xal toplayaraq 2-4-cü yerləri bölüşdürüblər. Əlavə göstəricilərə görə Teymur Rəcəbov turnirin gümüş medalına layiq görülüb. Maksim Vaşye-Laqrav 3-cü, Ş.Məmmədyarov isə 4-cü yerin sahibi olub. Yarışın qalibi adını aktivinə 7.5 xal yazan Rusiya təmsilçisi Yan Nepominayuşi qazanıb.
Xatırladaq ki, Ümumdünya intellektual oyunları çərçivəsində keçirilən şahmat yarışlarında dekabrın 11-12-də sürətli şahmat üzrə, sonra 13-15 dekabr tarixində blits turnir keçirilib. Dekabrın 16-ı və 17-də şahmatın bask növü üzrə yarışda iştirakçılar bir-birinə qarşı mübarizə aparıblar.