
Beynəlxalq Cüdo Federasiyası 2014-cü ilin yekun reytinq cədvəlini açıqlayıb. Yeni siyahıda millimizin aparıcı üzvlərinin mövqeyində dəyişiklik olmayıb. 60 kq çəki dərəcəli idmançılar arasında millimizin üzvlərindən Orxan Səfərov 5-ci, İlqar Müşkiyev isə 10-cudur. Son vaxtlar beynəlxalq turnirlərdən kənarda qalan Nicat Şıxəlizadə (66 kq) 1010 xalla 12-ci sırada qərarlaşıb. Abu-Dabidə təşkil olunan Qran-pri turnirində gümüş medal qazanmaqla diqqət çəkən Tərlan Kərimov 442 xalla 37-ci pillədədir. Rüstəm Orucov (73 kq) isə «ilk onluğ»un son pilləsində yer alıb. Onun aktivində 1234 xal var. 73 kq çəkili digər idmançımız Hüseyn Rəhimli isə 124 xalla 87-ci sıradadır. 81 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev 50-ci, Tural Səfquliyev isə 63-dür. Digər cüdoçumuz Şahin Qəhrəmanovun (90 kq) aktivində 571 xal var ki, bu da təmsilçimizə reytinq cədvəlinin 30-cu pilləsində qərarlaşmasına imkan verir. Dünya çempionumuz Elxan Məmmədov (100 kq) 2014-cü ili 4-cü sırada başa vurub. Cüdoçumuz buna 1612 xalla nail olub. Elmar Qasımov isə 1565 xalla 6-dır. Çəkisi 100 kq-dan yuxarı olan idmançılar arasında təmsilçimiz Uşangi Kokauri 382 xalla 38-ci sırada yer alıb. Yeganə xanım cüdoçumuz Kifayət Qasımova (57 kq) 604 xalla 24-cü sıradakı mövqeyini dəyişməyib.
Məlumat üçün qeyd edək ki, cüdo idman növündə Olimpiya oyunlarına lisenziya reytinq xalına əsasən verilir.