Hollandiyanın Veyk-an-Zee şəhərində keçiriləcək şahmat üzrə ənənəvi beynəlxalq turnirin 14 iştirakçısının adları müəyyənləşib. 2015-ci il yanvarın 9-25-də baş tutacaq yarışda 2 illik fasilədən sonra azərbaycanlı qrossmeyster də iştirak edəcək.
Belə ki, "12-lik”də Teymur Rəcəbovun da yer alacağı dəqiqləşib. Onun rəqibləri Maqnus Karlsen (Norveç, 2862), Fabiano Karuana (İtaliya, 2820), Levon Aronyan (Ermənistan, 2797), Aniş Qiri (Hollandiya, 2784), So Uesli (ABŞ, 2762), Maksim Vaşye-Laqrav (Fransa, 2757), Radoslav Voytaşek (Polşa, 2744) Din Liren (Çin, 2732), Baadur Cobava (Gürcüstan, 2727), Vasili İvançuk (Ukrayna, 2715), Lyuk Van Veli (Hollandiya, 2667), İvan Şariç (Xorvatiya, 2666) və Yifan Hou (Çin, 2673) olacaq.
Qeyd edək ki, analoji yarışda axırıncı dəfə Teymur Rəcəbov mərhum şahmatçımız Vüqar Həşimovla mübarizə aparmışdı. 2012-ci ildə baş tutan həmin turnirdə Rəcəbov 2-4-cü yerləri bölüşmuş, Həşimov isə 10-12-ci yerlərə şərik olmuşdu.