2015-ci ildə Azərbaycan şahmatçılarının iştirakı ilə ənənəvi "Aeroflot-open” festivalı bərpa olunacaq.
Oestival çərçivəsində üç əsas turnir keçiriləcək. Əsas diqqət "A” yarışlarına yetiriləcək. Burada reytinqi 2550-dən az olmayan şahmatçılar çıxış edəcəklər. Oyunlar martın 29-dan aprelin 6-dək keçiriləcək. Bütün turlar Bakı vaxtı ilə 16:00-da başlayacaq. Aprelin 7-də İsveçrə sistemi ilə 9 turda qoşa partiyalardan ibarət blits-turnir təşkil olunacaq. Bütün görüşlər Moskvanın "Kosmos” mehmanxanasında keçiriləcək.
Xatırladaq ki, əvvəlki "Aeroflot-open” festivallarında Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Eltac Səfərli və başqaları iştirak ediblər.
Rusiya Şahmat Federasiyasının saytında festivalın reqlamenti yerləşdirilib. Festivalda "Aeroflot” ənənələrinin çoxuna, o cümlədən "A” turnirinin qalibinin bu ilin yayında Dortmundda keçiriləcək superturnirə vəsiqə alması ənənəsinə riayət ediləcək.
Turnirin ümumi mükafat fondu 120 min avrodur.