“Tata Steel Masters” turnirində qələbəsiz mübarizə

“Tata Steel Masters” turnirində qələbəsiz mübarizə


Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Masters” ənənəvi şahmat turniri davam edir. Xəbər verdiyimiz kimi 77-ci dəfə keçirilən super-turnirində 14 qrossmeyster qalib adı uğrunda mübarizə aparır. Dairəvi sistem üzrə keçirilən və 13 turdan ibarət olan yarışda ölkəmizi Teymur Rəcəbov təmsil edir. Artıq yarışda 4-cü turun görüşləri başa çatıb. Qəzetimizin ötən sayında ilk iki tur haqqında məlumat vermişdik. Üçüncü turda Maksim Vaşye-Laqravla heç-heçə edən Teymur Rəcəbov növbəti turda çinli Dinq Lijenə məğlub olub. Dünya şahmat tacının hazırki sahibi Maqnus Karslen isə üçüncü turda Radoslav Voytaşeklə bacarmayıb. O, polşalı zəka sahibi ilə görüşdən məğlub ayrılıb. Lakin norveçli "vurnderkind” növbəti turda hollandiyalı Lük Van Veli üzərində qələbə qazanmaqla mövqeyini bir qədər yaxşılaşdırıb. Turnirin hazırkı lideri Vasili İvançuk üçüncü turda hollandiyalı Lük Van Velini, növbəti turda isə Maksim Vaşye-Laqravı (Fransa) məğlub edib.
Beləliklə, 4 turdan sonra Vasili İvancuk 3,5 xalla turnirə liderlik edir. Fabiano Karuana və Dinq Lijen hərəyə 3 xal toplayaraq ikinci, üçüncü yerləri bölüşdürürlər. So Uesli və Radoslav Voytaşek 2,5 xalla 4-5-ci yerdə qərarlaşıblar. Aniş Qiri, Maqnus Karlsen, Maksim Vaşye-Laqrav və İvan Şariç hərəyə 2 xal toplayıblar. Qrossmeysterimiz Teymur Rəcəbov isə 1,5 xal toplayaraq 10-cu pillədə yer alıb. Levon Aronyan 1,5 xal, Lük Van Veli və Yifan Hou hərəyə bir xal toplayıblar. 4 turdan sonra aktivinə yarım xal yazdıran gürcüstanlı qrossmeyster Baadur Cobava isə sonuncu pillədədir.
Məlumat üçün qeyd edək ki, 5-ci turda Teymur Rəcəbov Xorvatiya təmsilçisi Ivan Şariçlə qarşılaşacaq.