Dünya çempionu ilə “duel”, prinsipial rəqib və mühüm xal itkisi

Dünya çempionu ilə “duel”, prinsipial rəqib və mühüm xal itkisi


Yanvarın 9-da Hollandiyanın Veyk-an-Zee şəhərində start götürən "Tata Steel Chess” festivalı davam edir. Xəbər
verdiyimiz kimi, ən nüfuzlu şahmat yarışlarından biri olan "Tata Steel Chess” də dünyanın ən güclü 14 zəka sahibi yarışır.
"Zanbaqlar ölkəsi”ndə mükafat uğrunda mübarizə aparan Azərbaycan qrossmeysteri Teymur Rəcəbov (Azərbaycan, 2734) bu yarışda Maqnus Karlsen (Norveç, 2862), Fabiano Karuana (İtaliya, 2820), Levon Aronyan (Ermənistan, 2797), Aniş Qiri (Hollandiya, 2784), So Uesli (ABŞ, 2762), Maksim Vaşye-Laqrav (Fransa, 2757), Radoslav Voytaşek (Polşa, 2744), Din Lijyen (Kitay, 2732), Baadur Cobava (Gürcüstan, 2727), Vasili İvançuk (Ukrayna, 2715), Yifan Hou (Çin, 2673), Lük van Veli (Hollandiya, 2667) və İvan Şariç (Xorvatiya, 2666) kimi iddialı rəqiblərə qarşı çıxış edir.
Artıq yarışda 10 turun nəticələri məlumdur. Ötən saylarımızda ilk 7 tur barəsində ətraflı məlumat vermişdik. 8-ci tura qədər cəmi bir qələbə sevinci yaşayan Teymur Rəcəbov növbəti uğurunu qazanıb.
5-ci turda xorvatiyalı İvan Şariçi məğlubiyyətə uğradan Teymur Rəcəbov 8-ci turda polşalı qrossmeyster Radoslav Vojtaşekə qalib gəlib. Həmin turun nəticələrinə əsasən turnir cədvəlində lider dəyişikliyi qeydə alınıb. So Uesliyə uduzan ukraynalı Vasili İvançuk zirvəni əldən verib. Nəticədə, dünya şahmat tacının sahibi Maqnus Karlsen Baadur Cobavaya (Gürcüstan) qalib gələrək ilk pilləni ələ keçirib.
"Tata Steel Chess” festivalının lideri Maqnus Karlsenlə Teymur Rəcəbovun görüşü 9-cu tura təsadüf edib. Təmsilçimiz son dünya çempionu ilə görüşdə ən azı heç-heçə etdiyi təqdirdə cədvəldəki mövqeyini yaxşılaşdıra bilərdi. Lakin norveçli "vunderkind” bu imkanı əldən vermədi. Qələbə sayəsində FİDE reytinqinin lideri yarışdakı liderliyini də möhkəmlədib.
10-cu tur da şahmatçımız üçün prinsipial xarakter daşıyıb.
Teymur Rəcəbov həmin turda Levon Aronyanla üz-üzə gəlib. Bir tur əvvəl Maqnus Karlsenə uduzan təmsilçimiz ermənistanlı şahmatçını məğlub edə bilməyib. Görüş heç-heçə ilə başa çatıb.
Həmin turda turnir cədvəlinə başçılıq edən norveçli qrossmeyster Karlsen Vasili İvançukla sülh bağlasa da, liderliyini qoruyub.
Dünən yarış iştirakçıları istirahət ediblər. Bu gün isə yarşıda 11-ci tura start veriləcək. "Tata Steel Chess” festivalının bu görüşlərində Teymur Rəcəbov Fabiano Karuana ilə, Aniş Qiri Luk Van Veli ilə, So Uesli İvan Şariçlə, Radoslav Voytaşek Dinq Lijyenlə, Maqnus Karlsen Maksim Vaşye-Laqravla, Levon Aronyan Vasili İvançukla, Yifan You Baadur Cobava ilə üz-üzə gələcəklər.

"Tata Steel Chess” festivalında qeydə alınan nəticələr:

8-ci tur
Lük van Veli - Fabiano Karuana - 0:1
Yifan Hou - Levon Aronyan - 0,5:0,5
Baadur Cobava - Maqnus Karlsen - 0:1
Teymur Rəcəbov - Radoslav Voytaşek - 1:0
Vasili İvançuk - So Uesli - 0:1
Maksim Vaşye-Laqrav - Aniş Qiri - 1:0
Din Lijyen - İvan Şariç - 1:0

9-cu tur
İvan Şariç - Lük van Veli - 0,5:0,5
Aniş Qiri - Din Lijyen - 1:0
So Uesli - Maksim Vaşye-Laqrav - 0,5:0,5
Radoslav Voytaşek - Vasili İvançuk - 0,5:0,5
Maqnus Karlsen - Teymur Rəcəbov -1:0
Levon Aronyan - Baadur Cobava - 1:0
Fabiano Karuana - Yifan Hou - 0,5:0,5

10-cu tur
Lük van Veli - Yifan Hou - 1:0
Baadur Cobava - Fabiano Karuana - 0:1
Teymur Rəcəbov - Levon Aronyan - 0,5:0,5
Vasili İvançuk - Maqnus Karlsen - 0,5:0,5
Maksim Vaşye-Laqrav - Radoslav Voytaşek - 0,5:0,5
Din Lijyen - So Uesli - 0,5:0,5
İvan Şariç - Aniş Qiri - 0:1

10 turdan sonra turnir cədvəli:
1. Maqnus Karlsen - 7,5 xal; 2-3. Maksim Vaşye-Laqrav, Uesli So - 6,5 xal; 4-7. Din Lijyen, Vasili İvançuk, Fabiano Karuana, Aniş Qiri - 6 xal; 8-9. Radoslav Voytaşek, Teymur Rəcəbov - 5 xal; 10. Levon Aronyan - 4,5 xal; 11. Lük van Veli - 3,5 xal; 12-13. Yifan Hou, İvan Şariç - 3 xal; 14. Baadur Cobava - 1,5 xal.