Şahmatçımız Veyk-an-Zeeni mükafatsız tərk etdi

Şahmatçımız Veyk-an-Zeeni mükafatsız tərk etdi

Yanvarın 25-də Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess” ənənəvi şahmat festivalına yekun vurulub. Xəbər verdiyimiz kimi, "Tata Steel Chess” də dünyanın ən güclü 14 zəka sahibi yarışıb.
"Zanbaqlar ölkəsi”ndə mükafat uğrunda mübarizə aparan azərbaycanlı qrossmeysteri Teymur Rəcəbov (2734) bu yarışda Maqnus Karlsen (Norveç, 2862), Fabiano Karuana (İtaliya, 2820), Levon Aronyan (Ermənistan, 2797), Aniş Qiri (Hollandiya, 2784), So Uesli (ABŞ, 2762), Maksim Vaşye-Laqrav (Fransa, 2757), Radoslav Voytaşek (Polşa, 2744), Din Lijyen (Kitay, 2732), Baadur Cobava (Gürcüstan, 2727), Vasili İvançuk (Ukrayna, 2715), Yifan Hou (Çin, 2673), Lük van Veli (Hollandiya, 2667) və İvan Şariç (Xorvatiya, 2666) kimi iddialı rəqiblərinə qarşı çıxış edib. 77-ci dəfə keçirilən ənənəvi turnir dairəvi sistem üzrə 13 turdan ibarət olub.
Karyerası ərzində 4-cü dəfə Veyk-an-Zeedə şahmat yarışında iştirak edən Teymur Rəcəbov 2007-ci ildə əldə etdiyi qalibiyyəti təkrarlaya bilmədi. Həmin vaxt şahmatçımız yarışın qalibləri sırasında yer almışdı. Ümumilikdə "Zanbaqlar ölkəsi”ndə keçirilən şahmat yarışlarının əksəriyyətində qrossmeysterimiz mükafatalayiq nəticələrlə diqqət mərkəzinə düşə bilmişdi. Lakin Teymur bu dəfə "Tata Steel Tournament” festivalında uğursuz çıxışı ilə yadda qaldı. O, 13 turdan ibarət yarışda fərqlənə bilmədi. Teymur 13 görüşdə 8 dəfə rəqibləri ilə xal bölgüsü apardı, 2 görüşdə rəqiblərinin "şah”ını "mat” etdi. Qalan 3 görüşdə isə məğlubiyyətdən qaça bilmədi. Yarış ərzində dünya şahmat tacının sahibi, norveçli Maqnus Karlsenə uduzan şahmatçımızın məğlubiyyətini başa düşmək olar. Lakin dünya şahmatçıları arasında kifayət qədər nüfuza malik olan Teymur Rəcəbovun özündən reytinqə və təcrübəyə görə geri qalan Dinq Lijenə və Baadur Cobavaya uduzması heç də yaxşı hal sayıla bilməz. Yekun nəticələrə əsasən, 13 turdan 6 xal toplayan Teymur turniri 8-ci pillədə başa vurub. "Tata Steel Tournament” festivalının qalibi isə hazırkı dünya çempionu norveçli Maqnus Karlsen olub.

Turnir cədvəli
1. Maqnus Karlsen - 9 xal; 2-5. Maksim Vaşye-Laqrav, Aniş Qiri, So Uesli, Din Lijen - 8,5 xal; 6. Vasili İvançuk - 7,5 xal; 7. Fabiano Karuana - 7 xal; 8. Teymur Rəcəbov - 6 xal; 9-10. Radoslav Voytaşek, Levon Aronyan - 5,5 xal; 11. Yifan Hou - 5 xal; 12. İvan Şariç - 4,5 xal; 13. Lük Van Veli - 4 xal; 14. Baadur Cobava - 3 xal.


Teymur Rəcəbovun "Tata Steel
Tournament” festivalında
keçirdiyi görüşlər:

1. Teymur Rəcəbov (Azərbaycan, 2734) - Luk Van Veli (Hollandiya, 2667) - 0,5:0,5
2. Teymur Rəcəbov (Azərbaycan, 2734) - Vasili İvançuk (Ukrayna, 2715) - 0,5:0,5
3. Maksim Vaşye-Laqrav (Fransa, 2757) - Teymur Rəcəbov (Azərbaycan, 2734)- 0,5:0,5
4. Teymur Rəcəbov (Azərbaycan, 2734) - Dinq Lijen (Çin, 2732)- 0:1
5. İvan Şariç (Xorvatiya, 2666) - Teymur Rəcəbov (Azərbaycan, 2734) - 0:1
6. Teymur Rəcəbov (Azərbaycan, 2734) - Aniş Qiri (Hollandiya, 2784)- 0,5:0,5
7. So Uesli (ABŞ, 2762) - Teymur Rəcəbov (Azərbaycan, 2734) - 0,5:0,5
8. Teymur Rəcəbov (Azərbaycan, 2734) - Rodoslav Voytaşek (Polşa, 2744) - 1:0
9. Maqnus Karlsen (Norveç, 2862 ) - Teymur Rəcəbov (Azərbaycan, 2734) - 1:0
10. Levon Aronyan (Ermənistan, 2797) - Teymur Rəcəbov (Azərbaycan, 2734) - 0,5:0,5
11. Fabiano Karuana (İtaliya, 2820) - Teymur Rəcəbov (Azərbaycan, 2734) - 0,5:0,5
12. Yifan Hou (Çin, 2673) - Teymur Rəcəbov (Azərbaycan, 2734) - 0,5:0,5
13. Baadur Cobava (Gürcüstan, 2727) - Teymur Rəcəbov (Azərbaycan, 2734)- 1:0