Beş cüdoçumuz ilk “onluq”da yer alıb

Beş cüdoçumuz ilk “onluq”da yer alıb


Beynəlxalq Cüdo Federasiyası 2015-ci ilin ilk reytinq cədvəlini açıqlayıb. Reytinq siyahısını millimizin aparıcı üzvləri üçün uğurlu saymaq olar.
Belə ki, Hacıağa Hacıəhmədovun yetirmələrindən 5-i ilk "onluq”da yer alıb. Təmsilçilərimizdən ən yaxşı göstərici yenə də dünya çempionumuz Elxan Məmmədova məxsusdu. O, öz çəkisində 1612 xalla 4-cü sıradakı möqeyini qoruyub.
100 kq çəkili idmançılar arasında yer alan digər cüdoçumuz Elmar Qasımov 1565 xalla 6-cı sırada qərarlaşıb. "10-luq”da mövqeyini qoruyan idmançılarımızdan biri də, Orxan Səfərovdur (60 kq). O, reytinq siyahısında 5-cidir. Onun komanda yoldaşı İlqar Müşkiyev (60 kq) isə 1058 xalla 10-cu pillədədir. Çəkisi 73 kq olan idmançılar arasında Rüstəm Orucov (73 kq) 10-cu pillədə yer alıb. Yığmamızın digər cüdoçularına gəlincə, Nicat Şixəlizadə 12-ci, Tərlan Kərimov (hər ikisi 66 kq) isə siyahıda 37-ci yeri tutur. Məhəmmədəli Mehdiyev və Tural Səfquliyev (hər ikisi 81 kq) isə müvafiq olaraq, 50-ci, 63-cü yerləri tuturlar.
Şahin Qəhrəmanov (90 kq) 30-cu, Uşanqi Kokauri (+100 kq) 38-ci yerdəki mövqeylərini qoruyublar. Yeganə xanım cüdoçumuz Kifayət Qasımovanın (57 kq) da mövqeyində heç bir dəyişiklik olmayıb. O, ötən siyahıda olduğu kimi, reytinq siyahısının 24-cü sırasında qərarlaşıb.
Məlumat üçün qeyd edək ki, bu idman növündə Olimpiya oyunlarına lisenziya reytinq cədvəlinə əsasən verilir.