Xəbər verdiyimiz kimi, bu ilin yaz aylarında Şəmkirdə mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq yarış təşkil ediləcək.
Sayca ikinci dəfə keçirilən turnirdə dünya çempionu Maqnus Karlsen (Norveç, 2865), Fabiano Karuano (İtaliya, 2811), Veselin Topalov (Bolqarıstan, 2800), sabiq dünya çempionu Vişvanatan Anand (Hindistan, 2797), Aniş Qiri (Hollandiya, 2797), So Uesli (ABŞ, 2788), Vladimir Kramnik (Rusiya, 2783), Maksim Vaşye-Laqrav (Fransa, 2775), Şəhriyar Məmmədyarov (2759) və Teymur Rəcəbov (2731) iştirak edəcəklər.
Lakin ötən il analoji yarışda qüvvəsini sınayan və 5-ci yeri tutan rusiyalı Sergey Karyakin bu dəfə Şəmkirə gəlməyəcək.
Bu barədə məlumatı o, "chess-news.ru” xəbər saytına verib. "Şəmkir super-turnirindən mənə dəvət gəlmişdi. Təbii ki, bu yarışda çıxış etmək istəyirdim. Xüsusilə də ona görə ki, Vüqarla dost olmuşam. Üstəlik, ötən il turnirin təşkilatı məsələləri çox yüksək səviyyədə idi. Bu dəfə yarışa gəlməyimə komandalararası dünya çempionatı mane olur. Mən 2 turnir arasında seçim etməli oldum. Nəticədə, komandamızın heyətində çıxış etməyə qərar verdim. Təəssüflənirəm ki, bu turnirlərin vaxtı üst-üstə düşüb. Yoxsa, hər ikisində iştirak edərdim”, - deyə Karyakin bildirib.