Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Tərtib olunan yeni siyahını Azərbaycan millisinin aparıcı üzvlər üçün uğurlu hesab etmək olar.
Hacıağa Hacıəhmədovun yetirmələrindən 5-i ilk "onluq”da qərarlaşıb. Təmsilçilərimizdən Orxan Səfərov (60 kq) ötən siyahı ilə müqayisədə bir pillə irəliləyib. O, 1820 xal toplayaraq reytinq cədvəlinin 4-cü pilləsinə yüksəlib. Cudoçumuz bu nəticə ilə ən yaxşı göstəriciyə malik olan dünya çempionu Elxan Məmmədova (100 kq) çatıb. Qeyd edək ki, Elxan Məmmədovun aktivində 1612 xal var ki, bu da idmançımızın öz çəki dərəcəsində 4-cı olmasına kifayət edir. Elxan ilə eyni çəki dərəcəsində olan Elmar Qasımov da mövqeyini yaxşılaşdırıb. Cüdoçumuz 100 kq çəki dərəcəsində bir pilə irəliləyərək 5-ci sırada yer alıb. İlk "onluq”da qərarlaşan idmançılardan Rüstəm Orucov (73 kq) da bir pillə irəliləyib. Aktivində 1234 reytinq xalı olan təmsilçimiz 10-cu pilləni 9-cu pillə ilə əvəzləyib. Digər təmsilçilərimizə gəlincə, Tərlan Kərimov (66 kq) və Şahin Qəhrəmanov (90 kq) hərəyə bir pillə irəliləyərək reytinq sırasının müvafiq olaraq, 38-ci və 29-cu pillələrində yer alıblar.
İlqar Müşkiyev (60 kq) isə 1068 xalla ilk "onluğ”un son pilləsində qərarlaşıb. İlqar Müşkiyev kimi, Məhəmmədəli Mehdiyev (81 kq), Uşanqi Kokauri (+100 kq) və Kifayət Qasımova (57 kq) da mövqelərini toxunulmaz saxlayıblar. Onlar yenə də, müvafiq olaraq, reytinq siyahısının 52-ci, 38-ci və 25-ci sırasındadırlar.
Son yarışlarda zədə səbəbindən iştirak etməyən Nicat Şixəlizadə (66 kq) 12-ci, Tural Səfquliyev (81 kq) 73-cü pilləyə enib.
Məlumat üçün qeyd edək ki, cüdo idman növündə Olimpiya oyunlarına lisenziya reytinq cədvəlinə əsasən verilir.