Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə may ayının 1-5-də paytaxtımızda "Tour d’Azerbaidjan” beynəlxalq velosiped turniri təşkil ediləcək.
Martın 29-da "Hyatt Regency” hotelində "Tour d’Azerbaidjan” turnirinin təqdimat mərasimi oldu.
Tədbiri giriş sözü ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) vitse-prezidenti, "Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov açdı. Sahib müəllim tədbir iştirakçılarını salamladıqdan sonra bildirdi ki, "Tour d’Azerbaidjan” beynəlxalq velosired turniri Beynəlxalq Velosiped İdmanı Federasiyasının (UCİ) Europe Tour çərçivəsində 2.2 kateqoriyalı veloyürüşdür. Bakıdan start götürəcək turnirin respublikamızın yeddi rayonunun ərazisində keçiriləcyini diqqətə çatdıran vitse-prezident yarışın əhəmiyyətini yüksək qiymətləndirdi.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın bütün növlərinin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində son vaxtlar velosiped idmanının inkişafına da böyük təkan verildiyini vurğulayan Sahib Ələkbərov bu istiqamətdə görülən işlər barəsində ətraflı məlumat verdi. Təşkilat Komitəsinin sədri ötən ilin may ayında Azərbaycanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş U-23 (23 yaşadək idmançılar arasında) kateqoriyalı beynəlxalq velosiped turundan, ilk milli velosiped komandası olan "Sinerjy Baku Cycling Project”in yaradılmasından keçən qısa müddətdə qazanılmış nailiyyətlərdən, velotrekdə və yeni yaradılan velosiped parkında aparılan yenidənqurma və abadlıq işlərindən danışdı.Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan "Tour d`Azerbaidjan” yarışının Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və UCİ-nin dəstəyi ilə təşkil olunacağını deyən vitse-prezident yarışın açılışının və iştirakçı komandaların təqdimatının aprel ayının 30-da Dənizkənarı Milli Parkda keçiriləcəyini diqqətə çatdırdı: "Komandaların təqdimat mərasimi böyük bayramla qeyd olunacaq. Uşaqlar, qocalar, gənclər və digər insanlar arasında yarış təşkil olunacaq və qalibə velosiped hədiyyə olunacaq. Qeyd edim ki, tədbirdə Türkiyənin məşhur ulduzu Mustafa Ceceli də olacaq”.
Sahib Ələkbərov "Tour d’Azerbaidjan” turnirinin ötən illə müqayisədə adının dəyişdirilməsinə də aydınlıq gətirdi: "2012-ci ildə də belə turnir keçirdik. Amma o yarışda ancaq 23 yaşa qədər olan idmançılar qüvvələrini sınayırdılar. Budəfəki turnirdə isə peşəkar komandalar bacarıqlarını nümayiş etdirəcəklər.Bu yarışda ölkəmizi yeni yaradılan "Sinergy Baku Cycling Project” klubu təmsil edəcək.Turnirin adının dəyişməsinə gəlincə, qeyd edim ki, "Tour d’Azerbaidjan” əvvəllər İranda keçirilirdi. Biz beynəlxalq federasiya ilə bunun ölkəmizdə keçirilməsi barədə razılığa gəldik. İranda isə artıq "Tour d ‘İran” olacaq.
Federasiyanın vitse-prezidenti Bakı klubunun qarşısına çempionluq hədəfi qoymadıqlarını dedi: "Bakı komandasının gələn ayın sonunda təqdimatı olacaq. Komandanın heyətində 6 azərbaycanlı və legionerlər yer alıb. Biz veloyürüşdə komandanın qarşısına çempionluq hədəfi qoymamışıq. Komanda yeni yaranıb. Onlar hələ bir-birinə uyğunlaşmalıdırlar. Buna görə də klubun qarşısına konkret vəzifə qoyulmayıb. Təmsilçilərimiz hansısa yeri tutsalar, buna sevinərik”.
Turnirin Təşkilat Komitəsinin üzvü, Almaniyanın "Freunde event Logistic GmBN” şirkətinin direktoru Albert Röeder veloturun marşrutu barədə məlumat verdi. O bildirdi ki, beş mərhələdən ibarət olacaq veloturun ilk mərhələsi Heydər Əliyev Mərkəzinin yanından start götürəcək və ulu öndərin adını daşıyan mərkəzi prospektlə metronun "Koroğlu” stansiyası arasında 11 dəfə dövrə vurduqdan sonra yenidən Heydər Əliyev Mərkəzinin yanında başa çatacaq. Marşrutun ümumi uzunluğu 157 kilometrdir.
Növbəti gün velosipedçilər yeni yaradılmış velosiped parkından start götürərək Böyük Qafqaz sıra dağları istiqamətində yola düşəcəklər və 183 kilometr məsafə qət etdikdən sonra İsmayıllı şəhərində finiş xəttini keçəcəklər. Məlumat üçün bildirək ki, velosiped parkı Şıxovda yaradılır və aprel ayının sonunda açılışı planlaşdırılır.
Mayın 3-də veloyürüşçülər Qəbələdən start götürərək, Oğuzdan keçməklə Şəkiyə yollanacaq, oradan isə yenidən başlanğıc nöqtəyə qayıdacaqlar. Bu məsafə 165 kilometrə bərabərdir.
Turnirin dördüncü mərhələsində iştirakçılar Qəbələdən start götürərək, İsmayıllını keçməklə Şamaxıya yürüş edəcəklər. Veloyürüşçülər 116 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.
146 km məsafəni əhatə edən beşinci mərhələ Azadlıq meydanından başlayaraq, paytaxtın mərkəzi küçələri və prospektindən keçərək Hökumət Evinin qarşısında başa çatacaq.
Almaniyalı mütəxəssis turnirin ümumi mükafat fondu barəsində də danışdı. O bildirdi ki, veloturda 40 ölkənin idmançılarından ibarət 25 komanda mübarizə aparacaq. Yarışda Mərkəzi Avropa ölkələri - Lüksemburq, Belçika, Niderland, eləcə də Qazaxıstan komandaları favorit hesab olunurlar. Bu komandaların ikinci heyətlərlə Bakıya gələcəyini deyən A.Röeder onların heç də zəif komanda olmadıqlarını diqqətə çatdırdı. Qeyd edək ki, Avstraliya yığma komanda şəklində Bakıya gələcək.
Turnirin ümumi mükafat fondu 69 min avrodur. Qalib komandaya 6 min avro veriləcək. Bununla yanaşı, ilk iyirmiliyə düşən, sprint və dağ yarışlarında fərqlənənlərə də pul mükafatı veriləcək.
Təşkilat Komitəsinin üzvü mükafat fondunun, digər yarışlarla müqayisədə, yüksək olduğunu diqqətə çatdırdı.
Esmira Orucova