Cüdo üzrə qitə çempionatı Avropa Oyunları çərçivəsində keçiriləcək

Cüdo üzrə qitə çempionatı Avropa Oyunları çərçivəsində keçiriləcək


Bununla bağlı Avropa Olimpiya Komitəsi (AOK), Avropa Cüdo İttifaqı (ACİ) və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, Cüdo üzrə Avropa Çempionatı bu il iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunları çərçivəsində baş tutacaq. Çempionat iyunun 25-28-də Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.
Bu qərar qitənin ən yaxşı cüdoçularının tarixdə ilk Avropa Oyunlarının çempionu olmaq hüququ uğrunda mübarizə aparmasına imkan yaradır. Bununla da Bakı-2015-də Rio-2016 Olimpiya Oyunlarına lisenziya imkan verən idman növlərinin sayı 12-yə çatıb.
Əvvəllər Cüdo üzrə Avropa Çempionatının aprelin 9-12-də Qlazqo şəhərində keçirilməsi nəzərdə tutulurdu. Lakin Britaniyanın Cüdo Assosiasiyası ilə yaranan problemlər aradan qaldırılmadığı üçün Avropa Cüdo İttifaqının İcraiyyə Komitəsi çempionatı keçirə biləcək yeni şəhərin təyin edilməsi qərarını verib.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu qərarın Avropa Oyunlarına hazırlıq işlərinin son mərhələsinə yaxınlaşdığını göstərən gözəl xəbər olduğunu deyib. "AOK Avropa çempionatlarının Avropa Oyunlarının bir hissəsi olmasına çalışıb və bu qərar göstərir ki, biz məqsədimizə gözlədiyimizdən də tez çatırıq”, - deyə o bildirib.
Avropa Cüdo İttifaqının prezidenti Sergey Soloveyçik cüdo üzrə Avropa Çempionatının Bakıda keçiriləcəyinə şad olduğunu deyib. "Çempionatın Qlazqoda keçirilməsi qərarı ləğv edildikdən sonra mümkün qədər tez bir vaxtda yeni ev sahibi tapmaq qarşımızda duran prioritet məsələ idi. Biz bunu etdik və mən seçimdən çox razıyam”, - deyə o bildirib.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu qərar 16 Olimpiya idman növündən 12-sinin təmsil olunduğu Avropa Oyunlarını daha da gücləndirir və 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına birbaşa və ya dolayısı ilə lisenziya qazanmaq imkanı verir.