Beynəlxalq Cüdo Federasiyası mart ayı üçün yeni reytinq cədvəlini açıqlayıb. Tərtib olunan yeni siyahıda millimizin aparıcı üzvlərindən bəziləri mövqelərini qorusa da, digər cüdoçular üçün bunları söyləmək mümkün deyil.
Baş məşqçi Hacıağa Hacıəhmədovun yetirmələrindən 5-i ilk "onluq”da qərarlaşıblar. Təmsilçilərimizdən ən yaxşı nəticə yenə də Orxan Səfərov (60 kq) və Elxan Məmmədova (100 kq) məxsusdur. Belə ki, hər iki cüdoçumuz reytinq sıralamasının 4-cü pilləsində qərarlaşıb. Elxanla eyni çəkidə olan Elmar Qasımov isə 1565 xalla 5-ci pillədə yer alıb. İlk "onluq”da qərarlaşan idmançılardan Rüstəm Orucovun (73 kq) aktivində 1234 reytinq xalı var ki, bu da onun öz çəki dərəcəsində 9-cu olmasına kifayət edir. İlqar Müşkiyev də, ötən siyahıda olduğu kimi, mövqeini qoruyub. O, 1068 xalla 10-cu pillədə qərarlaşıb. Digər təmsilçilərimizə gəlincə, Nicat Şıxəlizadə, Tərlan Kərimov (hər ikisi 66 kq) və Şahin Qəhrəmanov (90 kq) müvafiq olaraq, siyahının 13-cü, 43-cü və 29-cu pillələrində yer alıblar. Komandamızın üzvlərindən Uşanqi Kokauri (+100 kq) 38-ci, Ramin Qurbanov (90 kq) 57-ci, Rüstəm Alimli (81 kq) isə 84-cü pillədədir. Onlardan fərqli olaraq Məhəmmədəli Mehdiyev (81 kq) iki pillə geriləyərək 54-cü, onunla eyni çəkidə olan Tural Səfquliyev isə bir pillə geriləmə ilə 74-cü olub. Yeganə xanım cüdoçumuz Kifayət Qasımova (57 kq) da geriləyənlər sırasındadır. Zədə səbəbindən Düsseldorf Qran-prisində iştirak etməyən Kifayət rəqiblərini iki pillə özündən irəli buraxaraq 27-ci sıraya enib.
Məlumat üçün qeyd edək ki, cüdo idman növündə Olimpiya oyunlarına lisenziya reytinq cədvəlinə əsasən verilir.