Çexiyanın Ninburq şəhərində keçirilən cüdo üzrə beynəlxalq təlim-məşq toplanışına yekun vurulub.
Avropa Cüdo Federasiyasının təşkil etdiyi təlim-məşq toplanışında 45 ölkədən 600-ə yaxın cüdoçun iştirak edib. Çexiyada hazırlıq keçən cüdoçular arasında Azərbaycan idmançıları da yer alıblar. Təlim-məşq prosesi çərçivəsində baş məşqçi Hacıağa Hacıəhmədovun rəhbərliyi altında yığmamızın əsas üzvləri iştirak ediblər. Dünyanın müxtəlif komandalarının ən titullu cüdoçuları ilə birgə məşq keçən idmançılarımız taktiki, texniki və fiziki ustalıqlarını artırıblar.
Məlumat üçün qeyd edək ki, martın 18-də cüdoçularımız Çexiyadan birbaşa Gürcüstana yola düşəcəklər. Yığma komandamızın üzvləri martın 20-22-də Gürcüstanın Tbilisi şəhərində keçiriləcək Qran-pri yarışında qüvvəsini sınayacaq.
Tbilisi Qran-prisindən sonra komandamız martın 27-29-da Türkiyənin Samsun şəhərində təşkil olunacaq Qran-pri yarışında da iştirak edəcək.