Cüdoçularımızın Qran-pri sınağı uğurla başa çatdı

Cüdoçularımızın Qran-pri sınağı uğurla başa çatdı

Türkiyənin Samsun şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinə martın 29-da yekun vurulub. 67 ölkədən 491 (305 kişi, 186 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Baş məşqçi Hacıağa Hacıəhmədovun rəhbərliyi altında ölkəmizi 12 cüdoçu təmsil edib. Tbilisi Qran-prisindən fərqli olaraq, komandamız bu yarışda qadınların mübarizəsində iştirak etməyib.
Turnirin ilk günündə 4 cüdoçumuz tatami üzərinə çıxıb. Onlardan yalnız Orxan Səfərov (60 kq) mükafatçılar sırasında yer alıb.
60 kq-da mübarizə aparan Orxan ardıcıl olaraq İsveçrə, Qazaxıstan, Monqolustan və Özbəkistan idmançılarını məğlub edərək, finala vəsiqə qazanıb. Cüdoçumuz həlledici mərhələdə özbəkistanlı Şərafutdin Lütfillayevə məğlub olaraq gümüş medalla kifayətlənib. Digər cüdoçularımız Mehman Sadıqov (60 kq), Nicat Şıxəlizadə və Tərlan Kərimov (hər ikisi 66 kq) turniri medalsız başa vurublar.
Yarışın ikinci günündə komandamızın heyətində Rüstəm Orucov, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Əbdülhaqq Rəsullu və Rüstəm Alimli (hər ikisi 81 kq) mübarizə aprarıblar. Tbilisidə keçirilən Qran-pri yarışında qızıl medala sahib çıxan Rüstəm Orucov (73 kq) Samsunda da uğurunu təkrarlayıb. İlk görüşdə çinli idmançını ipponla məğlub edən Rüstəm növbəti mərhələdə isveçli rəqibindən üstün olub. 1/4 finalda hollandiyalı cüdoçunu 27 saniyəyə ipponla mübarizədən kənarlaşdıran təmsilçimiz yarımfinalda Birləşmiş Ərəb Əmirliklərinin idmançısına qalib gələrək, finala yüksəlib. 5 dəqiqə 27 saniyə davam edən həlledici görüşün sonunda Rüstəm Orucov türkiyəli Həsən Vanıloğlunu ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Rüstəmlə eyni çəkidə yarışan Hüseyn Rəhimli ardıcıl olaraq Çexiya, Əlcəzair və ABŞ idmançılarına qalib gəlsə də, uğurunu davam etdirə bilməyib. Beləliklə, o, Qran-pri turnirini 7-ci pillədə başa vurub.
Çəkisi 81 kq olan idmançıların yarışında Əbdülhaqq Rəsullu və Rüstəm Alimli də mükafatçılar sırasına düşə bilməyiblər.
Yarışın üçüncü günündə Ramin Qurbanov, Tural Səfquliyev (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizə aparıblar. Millimiz yarışın son günündə də fərqlənməyi bacarıb. 100 kq çəki dərəcəsində tatamiyə çıxan Elmar Qasımov Tbilisidə olduğu kimi, Samsunda da qızıl medal qazanıb. Cüdoçumuz Serbiya, Türkiyə, İran və Rusiya idmançılarına qalib gələrək finala yüksəlib. Həlledici görüşdə almaniyalı Karl Rihard Freydi məğlub edən idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Lisenziya xalı qazanan digər təmsilçilərimiz Uşanqi Kokauri (+100 kq) və Tural Səfquliyev (90 kq) olublar. Cüdoçularımız, müvafiq olaraq, 5-ci və 7-ci yerləri tutublar.
Beləliklə, 2 qızıl və 1 bürünc medal qazanan yığmamız komanda hesabında ikinci pillədə qərarlaşıb.
Xatırladaq ki, cüdo üzrə yığma komandamız martın 20-22-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində təşkil olunan Qran-pri turnirində iştirak edib. Yarışda 20 (13 kişi, 7 qadın) idmançı ilə mübarizə aparan yığmamız 3 medal qazanıb.
Komandamızın heyətində Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) qızıl medala layiq görülüblər. 66 kq çəki dərəcəsində mübarizə aparan Tərlan Kərimov isə 3-cü yerlə kifayətlənib. Yığmamız medal sayına görə 42 ölkə arasında 3-cü yeri tutub. Komandamız bu nəticəyə görə Gürcüstan və Monqolustan yığmalarından geri qalıb.
Məlumat üçün qeyd edək ki, hazırda Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Elxan Məmmədov və Elmar Qasımovun (100 kq) dünya reytinqində tutduqları mövqe, onlara 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunacaq Olimpiya oyunlarında iştirak etmək hüququ verir. Tərlan Kərimov (66 kq) ilə Şahin Qəhrəmanov (90 kq) isə reytinq sıralamasında vəziyyətlərini yaxşılaşdırmaları üçün, 30-cu pillədən minimum 22-ci yerə qalxmalıdırlar.