Respublika Şahmat Mərkəzində 14-16-18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub. 18 yaşınadək qızlar arasında Aytən Əmrayeva (Bakı) 7 oyundan sonra maksimum nəticə göstərərək çempion adını qazanıb. Nərmin Məmmədova (Bakı) 5 xalla 2-ci, Xatun Bağırova (Bakı) 4,5 xalla 3-cü olub.
Eyni yaşlı oğlanların mübarizəsində Zaur Bayramov (Sumqayıt) aktivinə 7 xal yazdıraraq 1-ci yerə sahib çıxıb. Bakı şahmatçıları Ülvi Sadıxov və Vəli Zeynalzadə hərəyə 6,5 xal toplayaraq, müvafiq olaraq, ikinci, üçüncü yerləri bölüşdürüblər.
16 yaşınadək oğlanların yarışında İsmayıl Şahəliyev (Bakı) 11 oyundan aktivinə 9,5 xal yazdıraraq çempion adına layiq görülüb. Niyazi Nağdiyev (Bakı) və Pərviz Qasımov (Naxçıvan) hərəyə 8,5 xal toplayaraq ikinci, üçüncü yerləri bölüşdürüblər.
Eyni yaşlı qızların mübarizəsində isə Bakı təmsilçisi Nərmin Kərimzadə 9 oyundan 8 xal toplayaraq çempion olub. Naxçıvan şahmatçısı Aynur Kətanova 7,5 xalla gümüş, Lənkaran şahmatçısı Nəzrin Mirzəzadə isə 6,5 xalla bürünc medala layiq görülüb.
14 yaşınadək oğlanlar arasında Kənan Qarayev (Bakı) və Murad İbrahimli (Sumqayıt) 11 oyundan hərəyə 9,5 xal toplayaraq, müvafiq olaraq, birinci, ikinci yerləri bölüşdürüblər. Əlavə göstəricilərə görə Kənan Qarayev çempion adına layiq görülüb. Andrey Mustafin isə 7,5 xal toplayaraq 3-cü yerin sahibi olub.
Xanım Balacayeva 11 oyundan 11 xal toplayaraq 14 yaşınadək qızlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aytac Heydərova 9 xalla 2-ci, Süsən Məmmədova isə (Ucar) 7,5 xalla 3-cü olub. Məlumat üçün qeyd edək ki, çempionat bütün yaş qruplarında dairəvi sistem üzrə keçirilib. Yarışın əsasnaməsinə görə, bütün yaş qrupları üzrə birinci yeri tutan şahmaçılar dünya çempionatına, 2-ci yerin sahibləri isə Avropa çempionatına vəsiqə qazanıblar.