Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Tbilisi və Samsun Qran-prisindən sonra tərtib olunan yeni siyahı millimizin aparıcı üzvləri üçün uğurlu olub. Baş məşqçi Hacıağa Hacıəhmədovun yetirmələrindən 4-ü ilk "onluq”da qərarlaşıblar. Təmsilçilərimizdən ən yaxşı nəticə Qran-pri yarışlarında qızıl medal qazanan Rüstəm Orucov (73 kq) və Elmar Qasımova (100 kq) məxsusdur. Aktivində 1984 reytinq xalı olan Elmar Qasımov üç pillə irəliləyərək ikinci yerdə qərarlaşıb. Rüstəm Orucov (73 kq) isə ötən siyahıyı ilə müqaisədə 7 pillə irəliləyib. O, aktivindəki reytinq xalını 1646-ya çatdırıb ki, bu da cüdoçumuzun 2 sıraya yüksəlməsinə şərait yaradıb. Budəfəki reytinq siyahısı Orxan Səfərov (60 kq) üçün də düşərli olub. Samsunda qazandığı gümüş medal cüdoçumuzun reytinqdə üçüncü olmasına kifayət edib.
Tbilisi Qran-prisinin bürünc mükafatçısı Tərlan Kərimov isə 13 pillə irəliləyərək 30-cu sıraya yüksəlib. Bir pillə irəliləyən Rüstəm Alimli (81 kq) isə 83-cüdür. Onlardan fərqli olaraq Elxan Məmmədov (100 kq) bir pillə geriləyib. Hazırda aktivində 1661 reytinq xalı olan yeganə dünya çempionumuz 5-ci pillədə qərarlaşıb.
Zədə səbəbindən son yarışlarda iştirak etməyən İlqar Müşkiyev (60 kq) və Məhəmmədəli Mehdiyev (81 kq) də geriləyənlər sırasındadırlar. Üç pillə geriləyən İlqar Müşkiyev ilk "onluğ”u tərk edərək 13-cü sıraya enib. Məhəmmədəli Mehdiyev isə 57-ci pillədə qərarlaşıb. Digər təmsilçilərimizə gəlincə, Nicat Şıxəlizadə iki pillə geriləyərək 15-ci, Şahin Qəhrəmanov (90 kq) isə bir pillə geriləmə ilə 30-cu sırada yer alıb. Son yarışlarda zəif təsir bağışlayan Ramin Qurbanov 57-ci pilləni 59-cu yerlə əvəzləyib.
Komandamızın üzvlərindən Uşanqi Kokauri (+100 kq) 38-ci, Tural Səfquliyev (90 kq) isə 104-cü pillədədir. Yeganə xanım cüdoçumuz Kifayət Qasımova (57 kq) da geriləyib. O, rəqiblərini iki pillə özündən irəli buraxaraq 29-cu sıraya enib.
Məlumat üçün qeyd edək ki, cüdo idman növündə Olimpiya oyunlarına lisenziya reytinq cədvəlinə əsasən verilir.