Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən şahmat üzrə ənənəvi "Aeroflot Open-2015” beynəlxalq şahmat festivalına yekun vurulub.
13 ölkədən 310 zəka sahibinin iştirak etdiyi yarışda Azərbaycan şahmatçıları da iştirak ediblər. 9 turdan ibarət olan şahmat festivalında yarışlar 3 qrup (A-güclülər, B-əmsalı 2550-dən az olanlar və C-həvəskarlar) üzrə keçirilib. Sonuncu turda Şəhriyar Məmmədyarov keçmiş dünya çempionu Aleksandr Xalifmanla sülh bağlayaraq aktivindəki xalların sayını 5-ə çatdırıb. Rauf Məmmədov isə yerli şahmatçı Denis Xismatilluna məğlub olub. Beləliklə, Rauf Məmmədov 5 xalla turniri 19-cu yerdə başa vurub. Rauf Məmmədovla eyni xala malik olan Şəhriyar Məmmədyarov isə əlavə göstəricilərə görə 31-ci pillədə qərarlaşıb. Yarışın qalibi adını isə Yan Nepominayuşi (Rusiya) qazanıb. O, 9 turdan sonra 7 xal toplayaraq bu nəticəyə nail olub. Onun komanda yoldaşı Daniel Dubov 7 xal toplasa da, əlavə göstəricilərə görə ikinci olub. Aktivində 6,5 xalı olan İvan Bukavşin (Rusiya) isə yarışları üçüncü pillədə başa vurub. B turnirində mübarizə aparan təmsilçilərimizdən Orxan Abdulov sonuncu turda çinli şahmatçı Çen Lin üzərində qələbə qazanaraq 6,5 xalla 1-5-ci yerləri bölüşdürsə də, əlavə göstəricilərə görə 4-cü yerə sahib çıxıb. Namiq Quliyev 5 xal, Günay Məmmədzadə 4,5 xal , Gülnar Məmmədova 3,5 xal, Nərmin Kazımova 3 xal və Abdulla Qədimbəyli 2,5 xal qazanıblar.
C turnirində mübarizə aparan həmyerlilərimizdən, Qulam Məmmədov 5 xal, Fərid Mustafayev 4 xal, Teymur Salayev 3,5 xal, Cavidan Qurbanov isə 3 xal toplayıblar.