“Dubay Open” turniri yekunlaşdı

“Dubay Open” turniri yekunlaşdı

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 17-ci "Dubay Open” beynəlxalq şahmat turnirinə yekun vurulub. 30-dək ölkədən, (67 qrossmeyster) 164 şahmatçının iştirak etdiyi turnirdə azərbaycanlı zəka sahibləri də mübarizəyə ararıblar. Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olub.
Sonuncu turda Türkiyə təmsilçisi Solak Draqanla sülh bağlayan Eltac Səfərli aktivindəki xalların sayını 7-ə çatdırıb. Bu nəticə ilə o, 1-6-cı yerləri bölüşdürüb. Əlavə göstəricilərə görə Eltac 6-cı pillənin sahibi olub. Turnirin qalibi adını isə Solak Draqan qazanıb. Digər zəka sahibimiz Zaur Məmmədov Rusiya şahmatçısı Aleksandr Raxmanovla heç-heçə edərək 6,5 xalla ilk onluqda qərarlaşıb. Qədir Hüseynov isə Yuriy Kuzubovla xalları yarı bölüb. 9 oyundan aktivinə 6 xal yazan təmsilçimiz turniri 13-cü pillədə başa vurub. Günay Məmmədzadə sonuncu turda hindistanlı Şah Saqarı məğlub edərək aktivinə 5,5 xal yazıb. Xəyalə Abdulla 4,5 xal, Nail Bəşirli, Nərmin Məmmədova və Zeynəb Məmmədyarova 4 xal toplayıblar.