Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yeniyetmə cüdoçular arasında Avropa kubokuna yekun vurulub. İki gün davam edən yarışda 19 ölkədən 298 (174 oğlan, 124 qız) yeniyetmə cüdoçu qalib adı uğrunda mübarizə aparıb. Yarışda 18 idmançı ilə təmsil olunan komandamız 4 (2 qızıl, 1 gümüş, 1 bürünc) medal qazanıb. Turnirin ilk günündə 55 kq çəki dərəcəsində Azərbaycan finalı keçirilib. Gərgin mübarizə şəraitində keçən yarışda Natiq Qurbanlı komanda yoldaşı Sadiq Məhərrəmova qalib gələrək qızıl medala layiq görülüb. Sadiq Məhərrəmov isə yarışı gümüş medalla başa vurub. 66 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, İsveçrə, Fransa və Rusiya idmançılarını məğlub edərək finala vəsiqə qazanıb. Həlledici mərhələdə rusiyalı Ramazan Kodzakova qalib gələn təmsilçimiz qızıl medala layiq görülüb. Yarışın ikinci günündə komandamız daha bir medal qazanıb. 90 kq çəki dərəcəsində çıxış edən Vasif Şərbətli bürünc medala sahib çıxıb. Komandamızın digər üzvləri Davud Məmmədov beşinci, Rüfət Tağızadə isə yeddinci yerlə kifayətlənib.
Beləliklə, Avropa kubokunda 4 medal qazanan millimiz komanda hesabında 19 ölkə arasında 4-cü yeri tutub.