Şəhriyar Məmmədov Kramniki məğlub edib

Şəhriyar Məmmədov Kramniki məğlub edib



Qrossmeyster Şəhriyar Məmmədyarov bugünlərdə Şəmkirdə keçirilən Vüqar Həşimov Memorialının beşinci turunda keçmiş dünya çempionu rusiyalı Vladimir Kramnikə qalib gəlib. Ş.Məmmədyarov ağ fiqurlarla oynayıb. 6 saat 35 dəqiqə davam edən görüşün 76-cı gedişində Rusiya şahmatçısı məğlubiyyətlə razılaşıb.
Qeyd edək ki, Vladimir Kramnik məğlubiyyətdən sonra mətbuat konfransına gəlməyib. Rusiyalı dünya çempionu Heydər Əliyev Mərkəzindən birbaşa otelə yollanıb. Mətbuat konfransında Şəhriyar Məmmədyarov tək iştirak edib.

Yarışda dünya çempionu norveçli Maqnus Karlsen ağ fiqurlarla fransız qrossmeysteri Maksim Vaşye-Laqravə qalib gəlib. M.Vaşye-Laqrav 54-cü gedişdə öz məğlubiyyətini təsdiqləyib. Vişvanatan Anand isə amerikalı Uesli Soya qalib gəlib.
Fabiano Karuana (İtaliya) – Aniş Giri (Niderland), Rauf Məmmədov (Azərbaycan) – Maykl Adams (İngiltərə) partiyaları heç-heçə başa çatıb. Maqnus Karlsenin beş turdan sonra 4 xalı var və o, turnirdə irəlidədir. Uesli So ondan 0,5 xal, Vişvanatan Anand isə bir xal geri qalır. Vladimir Kramnik və Şəhriyar Məmmədyarovun hərəsi 2,5 xal, Maksim Vaşye-Laqrav, Aniş Giri, Fabiano Karuana və Rauf Məmmədovun hər biri 2 xal toplayıblar. Maykl Adamsın 1,5 xalı var.
Turnir aprelin 26-da başa çatacaq.