Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2015” turnirində 5-ci turun görüşlərinə yekun vurulub. Təmsilçilərimizdən Şəhriyar Məmmədyarov uzun və gərgin mübarizədən sonra 76-cı gedişdə rusiyalı qrossmeyster, keçmiş dünya çempionu Vladimir Kramnik üzərində qələbə qazanıb. Digər həmyerlimiz Rauf Məmmədov isə İngiltərə təmsilçisi Maykl Adamsla xalları yarı bölüb.
Hazırki dünya çempionu norveçli Maqnus Karlsen ağ fiqurlarla fransız qrossmeysteri Maksim Vaşye-Laqravı məğlub edib. Vişvanatan Anand isə amerikalı Uesli Soya qalib gəlib. Fabiano Karuana və Aniş Qiri partiyaları heç-heçə başa çatıb.
5 turdan sonra Maqnus Karlsen aktivinə 4 xal yazaraq turnirə liderlik edir. Uesli So 3,5 xal, Vişvanatan Anand 3 xal, Vladimir Kramnik və Şəhriyar Məmmədyarovun hərəsi 2,5 xal, Maksim Vaşye-Laqrav, Aniş Qiri, Fabiano Karuana və Rauf Məmmədovun hər biri 2 xal toplayıblar. Maykl Adamsın 1,5 xalı var.
Dairəvi sistem üzrə keçirilən və 9 turdan ibarət olan turnirə aprelin 26-da yekun vurulacaq.