Dünya Şahmat Bəstəçiliyi Federasiyasının (World Federation for Chess Composition) təşkilatçılığı ilə hər il ənənəvi olaraq, Beynəlxalq Şahmat Həlletmə Yarışı (11th International Solving Contest) keçirilir. Yanvarın son günlərində başlayan bu yarış bu il 11-ci dəfədir ki, təşkil olunur. İldən ilə bütün dünyada çox populyarlıq qazanan bu yarış 25 yanvarda, 26 ölkədə eyni tapşırıqlarla və eyni vaxtda start götürdü. Təşkilatçı hakim Makedoniyadan Qliqor və İvan Denkovski çıxış etdilər. Yarışa bir neçə gün qalmış yarışın baş hakimi Qliqor Denkovskinin rəhmətə getməsi yarışı böyük təhlükə qarşısında qoydu. Lakin baş hakimin oğlu İvan Denkovskinin və Dünya Şahmat Bəstəçiliyi Federasiyasının səyləri nəticəsində yarış uğurla baş tutdu.
İlk öncə Sumqayıt şəhərində keçirilən ölkə yarışının nəticələri ilə tanış olaq. 1-ci kateqoriyada 47,5 xalla Araz Alməmmədov (Qəbələ) 1-ci, Zaur Məmmədov (Bakı) 42,75 xalla 2-ci, Ramil Cavadov (İsmayıllı) 42 xalla 3-cü oldu.
2-ci kateqoriyada Azər Abbasov (Şabran) 28,5 xalla 1-ci, Ramil Səfərəliyev (Şabran) 28 xalla 2-ci, Nərminə Ruzicəng (Naftalan) 27 xalla 3-cü oldu. 3-cü kateqoriyada 30 mümkün xaldan 20 xal toplayan Rahim Əliyev (Sumqayıt) 1-ci, eyni xal toplayan, lakin daha çox vaxt sərf edən Uğur İlyaslı (Sumqayıt) 2-ci, 18 xal toplayan Səbinə Rzalı (Sumqayıt) isə 3-cü oldu.
Qeyd edək ki, ölkə yarışları keçirildikdən sonra yerli nümayəndələr tapşırıqların cavabı olan vərəqləri təşkilatçılara göndərir və bu nəticələr sayta yerləşdirilir. Artıq yarışların son nəticəsi qüvvəyə minib. Dünya üzrə yarışa 26 ölkədən 504 şahmatçı qatıldı. Ən çox iştirakçı 173 nəfərlə Rusiya, 34 nəfər Yunanıstan və 28 nəfər Azərbaycan idi. 1-ci təcrübəlilər kateqoriyasında 239, 2-ci təcrübəsizlər kateqoriyasında 100, 3-cü 12 yaşa qədər uşaqlar kateqoriyasında isə 165 şahmatçı öz qüvvəsini sınadı. İki mərhələdən ibarət olan yarışda 1-ci kateqoriya təcrübəli həllçilərə hər birində 6 məsələ olmaqla 12 tapşırıq (240 dəqiqə), 2-ci kateqoriyada təcrübəsiz həllçilərə isə hər birində 4 məsələ olmaqla 8 (240 dəqiqə), 3-cü kateqoriya 12 yaşa qədər uşaqlara isə bir mərhələdə 4 tapşırıq (120 dəqiqə) təqdim edildi.
Azərbaycan şahmat həllçiləri bu yarışda uğurla çıxış ediblər. Zaur Məmmədov (Bakı) 1-ci kateqoriyada gənclər arasında 2-ci yeri, 2-ci kateqoriyada qadınar arasında Nərminə Ruzicəng (Naftalan) 2-ci, Şölə Məmmədova (Şabran) isə 3-cü yeri tutub.
Azərbaycan şahmatçıları arasında 1-ci kateqoriyada 239 iştirakçı arasında ən yaxşı nəticəni 47,5 xalla 16-17-ci yeri tutan Araz Alməmmədov (Qəbələ), 2-ci kateqoriyada 100 şahmatçı arasında 28,5 xalla 19-cu yeri tutan Azər Abbasov (Şabran), 3-cü kateqoriyada isə 169 iştirakçı arasında 20 xalla 19-cu yeri tutan Rahim Əliyev (Sumqayıt) göstərdi.
Xatırladaq ki, yarışların bağlanışı avqust ayında Polşanın Ostroda şəhərində keçiriləcək 58-ci Ümümdünya Şahmat Bəstəçiliyi Konqresində olacaq.