Azərbaycan idmanı zəngin tarixə malikdir. Ölkəmizdə digər sahələr kimi, idmana da diqqət və qayğı göstərilir. İdmançılarımız da məhz bu qayğıdan yararlanaraq ölkəmizin bayrağını beynəlxalq arenalarda yüksəklərə qaldırır, himnini səsləndirirlər. Ölkəmizin dünyada tanınmasında idmanın əvəzsiz rolu var. Bunu atletlərimizin beynəlxalq arenalarda qazandıqları uğurlardan da görmək olar. Ölkəmiz mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi edən bir məkan kimi də böyük nüfuza malikdir. Son illər ərzində irimiqyaslı yarışlara ev sahibliyi edən Azərbaycan iyun ayında I Avropa Oyunlarını qəbul etməyə hazırlaşır. Bakı-2015-in ölkəmizdə keçirilməsi Azərbaycan idmanının uğurlu addımlarından biridir. Artıq Oyunlara az vaxt qalır. İdman federasiyaları mötəbər yarışa hazırlıqlarını davam etdirirlər. Azərbaycan Cüdo Federasiyası da Avropa Oyunlarına çox ciddi hazırlaşmaqdadır.
Bakı-2015 Avropa Oyunlarında cüdo üzrə yarışlar iyunun 25-28-də təşkil olunacaq. Heydər Əliyev adına İdman Arenasında keçiriləcək yarışlarda 350-dən çox cüdoçu qüvvəsini sınayacaq. Kişi və qadın idmançılar fərdi və komanda yarışlarında mübarizə aparacaqlar. Məlumat üçün bildirək ki, cüdo Avropa Oyunlarının proqramına daxil olan yeganə idman növüdür ki, bu növdə gözdən əlil idmançılar da yarışacaqlar. Bu yarışda kişilər 90 kq-dan çox, qadınlar isə 57 kq-dan az çəki dərəcələrində çıxış edəcəklər. Ümumilikdə Bakı-2015 Avropa Oyunlarında keçiriləcək cüdo yarışlarında iştirakçılara 18 medal dəsti təklif olunacaq.
Cüdo üçün təsnifat yerləri Beynəlxalq Cüdo Federasiyasının (BCF) dünya reytinq siyahısına, yerli MOK üçün ayrılan yerlərə və universallıq prinsiplərinə əsasən müəyyən olunacaq.
Artıq yarışların keçiriləcəyi Heydər Əliyev adına İdman Arenası Oyunları qəbul etməyə tam hazırdır. Şəhər Obyektlər Qrupuna daxil olan idman arenası 1990-cı ildə istifadəyə verilib və indiyədək müxtəlif idman növləri üzrə 30-dan çox beynəlxalq yarışlara ev sahibliyi edib.
4 min nəfər tamaşaçı tutumuna malik olan Heydər Əliyev adına İdman Arenasında cüdo ilə yanaşı, güləş üzrə yarışlar da keçiriləcək.
Hərb sənətindən yaranan
idman növü
Döyüş idman növü olan cüdo Azərbaycanda olduqca məşhurdur. Cüdo, əslində, hərbi sənət kimi, ciu-citsudan yaranıb və sonradan döyüş idmanı kimi yaponiyalı maarifçi, filosof Ciqaro Kano tərəfindən inkişaf etdirilib. Cüdoda döyüşçülər atma, tutub saxlama və ya boğma fəndləri ilə öz rəqiblərini ram etməyə çalışırlar.
Cüdo 4 illiyin zirvə yarışının proqramına ilk dəfə 1964-cü ildə Tokio Olimpiya Oyunlarında daxil edilib. Bu idman növü 1968-ci ildə təşkil olunmuş Meksika Olimpiya oyunlarının proqramından çıxarılmışdı. Lakin dörd il sonra yenidən Olimpiya oyunlarının təqviminə salındı. Qadınlar arasında cüdo yarışı ilk dəfə 1988-ci ildə Olimpiya oyunlarında təqdimat xarakterli çıxışdan ibarət olub. Dörd il sonra - 1992-ci ildə Barselonada keçirilmiş Olimpiya oyunlarında isə qadın cüdoçular mükafatlar uğrunda yarışıblar.
"İnanıram ki, cüdoçularımız həm sınaq yarışından, həm də Avropa Oyunlarından üzüağ çıxacaqlar”
Bakı-2015 Avropa Oyunlarında cüdo yarışları maraqla izlənəcək. Azərbaycan cüdoçuları bu Oyunlarda medal qazanmağa çalışacaqlar. Cüdoçularımızın Bakı-2015-ə hazırlığı ilə bağlı məlumat öyrənmək üçün Azərbaycan Cüdo Federasiyasının baş katibi Elnur Camalxanovla görüşdük. Federasiya rəsmisi Avropa Oyunlarının proqramına daxil edilən cüdo yarışlarının həm də qitə çempionatı statusunu daşıyacağını bildirdi. "Avropa Oyunlarına hazırlıq işləri, demək olar ki, yekunlaşmaq üzrədir. Cüdo yarışlarında yer tutan idmançılara qitə çempionatının da medalı təqdim ediləcək. Qarşımızda çox ciddi məsuliyyət var. İdmançılarımız çalışırlar ki, ölkəmizdə təşkil olunan yarışlarda qələbələr qazansınlar. Buna görə də federasiya rəhbərliyi idmançıların bu yarışlara kompleks şəkildə hazırlığını mühüm məsələ hesab edir. Cüdoçularımız buyaxınlarda Yaponiyada təşkil olunan 20 günlük təlim-məşq toplanışından qayıdıblar. Buna qədər isə onlar Almaniyada və Çexiyada təlim-məşq toplanışında olmuşdular. Bu hazırlıqlar idmançılarımızın Avropa Oyunlarında yüksək nəticələr əldə etməsinə yönəldilib. Cüdoçularmız Yaponiya hazırlığından sonra Şağan Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında iştirak ediblər. Bu təlim-məşq toplanışından sonra idmançılarımız "Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Böyük dəbilqə” turnirində qüvvələrini sınayacaqlar. Qeyd edim ki, ənənəvi olaraq hər il ölkəmizdə təşkil olunan bu turnir Rio-de-Janeyro Olimpiadasına lisenziya xalı verəcək. "Böyük dəbilqə” turnirindən sonra isə ölkəmizdə Avropa Oyunlarına hazırlıq məqsədi ilə sınaq yarışı keçiriləcək. İnanıram ki, cüdoçularımız həm sınaq yarışından, həm də Avropa Oyunlarından üzüağ çıxacaqlar”.
Məlumat üçün bildirək ki, Avropa Oyunlarında ölkəmizi 18 (9 kişi, 9 qadın) təmsil edəcək. Mötəbər turnirdə kişilərin mübarizəsində Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Tərlan Kərimov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Ramin Qurbanov (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) yarışacaqlar. Qadınların yarışında isə Ayişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Səkinə Zairova (52 kq), Kifayət Qasımova (57 kq), Xanım Hüseynova, Nuriyyə Axundova (hər ikisi 63 kq), Nərgiz İbrahimova, Validə Mirzəzadə (hər ikisi 70 kq) və Günel Həsənli (78 kq) mübarizə aparacaqlar.
"Təkcə favorit idmançılarımızın üzərində dayanıb, digərlərinə etinasız yanaşmaq
düzgün olmaz”
Elnur Camalxanov həmçinin Avropa Oyunlarında təmsil olunacaq idmançılarımızın seçim məsələsinə də aydınlıq gətirdi. "İdmançıların seçimi həm Beynəlxalq Cüdo Federasiyasının reytinq cədvəlinin, həm də məşqçilər korpusunun qərarı ilə oldu. Reytinqdən də əlavə, məşqçilər bu idmançıları izləyir, onların hazırlıq səviyyəsini müşahidə edirdilər. Yəni Oyunlarda ölkəmizi təmsil edəcək 18 idmançı, həmçinin məşqçilərin tövsiyəsi əsasında seçiliblər. Məşqçilər bu idmançıların potensialına güvəndiyi üçün onlara Bakı-2015-də şans verəcək. Komandamızın heyətində yetərincə favorit idmançılar var. Düzdür, 81 kq çəki dərəcəsində lider idmançımız olmadığı üçün komandamız bu yarışda həmin çəkidə təmsil olunmayacaq. Lakin bu o demək deyil ki, 81 kq və 90 kq çəki dərəcələrində olan idmançılarmız zəifdirlər. Hər şey son anda məlum olur. Kim güclüdür, o da qalib gələcək.
Buyaxınlarda Tbilisi Qran-prisində Elxan Məmmədov qabırğasından zədə almışdı. Buna görə də o, Samsun Qran-prisində və Yaponiyada keçirilən təlim-məşq toplanışında iştirak edə bilmədi. O, zədəsi müalicə olunduqdan sonra Macarıstanda keçirilən təlim-məşq toplanışında hazırlıq keçdi. Komandamızda həmçinin İlqar Müşkiyev, Nicat Şıxəlizadə və Kifayət Qasımova da zədədən əziyyət çəkirdilər. Buna görə də onlar bir sıra reytinqli turnirlərdən kənarda qaldılar. Bu da həmin idmançıların reytinq cədvəlində geriləməsinə səbəb oldu. Lakin sevindirici haldır ki, artıq İlqar və Nicatın zədəsi müalicə olunub. Fiziki terapiya proseslərində iştirak edən Kifayət Qasımova isə hələ ki müalicəsini davam etdirir. Ümid edirəm ki, o da Avropa Oyunlarına qədər tam hazır olacaq.
Avropa Oyunlarında komandamızın hər bir üzvündən medal gözləyirik. Komandanın heyətində kişilər arasında Tərlan Kərimov, Rüstəm Orucov, Elxan Məmmədov və Elmar Qasımovun medal qazanacağına inanırıq. Bu idmançıların hər biri çox böyük təcrübəyə malikdir. Lakin təkcə favorit idmançılarımızın üzərində dayanıb, digərlərinə etinasız yanaşmaq düzgün olmaz. Perspektivli idmançılarımızdan Ramin Qurbanov və Uşangi Kokauri də heyətdə yer alıb. Əgər bu seçimi etmişiksə, deməli, qeyd olunan idmançıların hər birinə güvənirik. Qızlar barəsində isə bunu söyləmək çətindir. Etiraf etməliyəm ki, qadınlardan ibarət komandamız Avropanın digər adlı-sanlı cüdoçuları ilə müqayisədə zəif təsir bağışlayır. Buna görə də Oyunlarda qadınların mübarizəsində, əsasən, Ayişə Qurbanlı, Leyla Əliyeva və Kifayət Qasımovadan medal gözləyirik.
I Avropa Oyunları komandamızın formalaşması və idmançılarımızın özlərini yaxşı tərəfdən göstərməsi üçün bir şansdır.
Yay aylarında cüdoçularımızın qrafiki çox gərgin olacaq. Onlar Avropa Oyunlarından sonra Qran-pri yarışlarında və dünya çempionatında iştirak edəcəklər. İnanıram ki, komandamız bu turnirlərin hər birində böyük heyətlə təmsil olunacaq və ölkəmizə medallarla qayıdacaq”.
"Yarışlarda iştirak etmək
hüququnu idmançılar
özləri qazanıblar”
Yığma komandanın baş məşqçisi Hacıağa Hacıəhmədov da cüdoçularımızın Avropa Oyunlarına tam hazır olduğunu bildirdi. Təcrübəli məşqçi qeyd etdi ki, "Böyük dəbilqə” turniri ərəfəsində Şağan Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında iştirak edən yığmamızın üzvləri fiziki, taktiki və texniki ustalıqlarının artırılması ilə ciddi məşğul olublar. "Avropa Oyunlarında iştirak edəcək idmançıların seçimi başa çatıb. Seçim prosesi əsasən, idmançıların reytinq cədvəlində tutuduğu mövqe və onların hazırlıq səviyyəsinə görə müəyyənləşdi. Seçim ürəyimcə oldu. Əgər qarşıdakı turnirlərdə zədə problemlərimiz olmasa əsas idmançılarımızın əksəriyyəti Bakı-2015 yarışlarında iştirak edəcəklər. Yarışlarda iştirak etmək hüququnu idmançılar özləri qazanıblar. Biz sadəcə, reytinqə görə seçimlərimizi etdik. İstəyərdim ki, bəzi çəkilərdə digər idmançılara da şans verək. Lakin bu, mümkün olmadı. Biz düşünürdük ki, bu yarışlarda komanda olaraq iştirak edəcəyik. Buna görə də fərdi yarışlarda əsas idmançılara, komanda yarışlarında isə digərlərinə yer verməyi nəzərdə tutmuşduq. Amma sonradan açıqlama verildi ki, fərdi yarışlarda mübarizə aparanlar komanda yarışlarında da iştirak etməlidirlər. Yarışlarda Avropa çempionatının qaydalarına əsasən 9 idmançı mübprizə aparacaq. Komandamız üç çəki dərəcəsində - 60 kq, 66 kq və 100 kq çəki dərəcələrində iki idmançı ilə təmsil olunacaq. 81 kq çəki dərəcəsində isə komandamızın heç bir üzvü mübarizəyə qoşulmayacaq. Biz çox çalışdıq ki, komandamız Bakı-2015-də 81 kq dərəcəsində də qüvvəsini sınasın. Lakin həmin çəkidə olan idmançılar bir sra təlim-məşq toplanışlarında və yarışlarda ümidləri doğrultmadılar. Ümidləri doğruldan idmançılar Avropa Oyunlarında iştirak etmək şansı qazandılar. Buyaxınlarda Xorvatiyanın paytaxtı Zaqrebdə Qran-pri yarışı keçirildi. Lakin komandamız bu turnirdə iştirak edə bilmədi. Bunun da başlıca səbəblərindən biri aprelin 27-dən mayın 5-dək Şağan Olimpiya İdman Kompleksində keçirilən təlim-məşq toplanışında iştirak etməyimiz idi. Digər səbəb isə mayın 8-10-da "Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq "Böyük dəbilqə” turniri ilə bağlıdır. Mayın 23-24-də Mərakeşdə "World Masters” turniri keçiriləcək. Həmin turnirdə dünya reytinqində ilk 16-lığa daxil olan idmançılar iştirak edəcəklər. Yığma komandamızın da bir neçə üzvü bu mühüm yarışda qüvvəsini sınayacaq. Qeyd edim ki, Masters turniri qalib idmançıya 700 reytinq xalı qazandırır. Bu isə kifayət qədər yüksək xaldır. Bildiyiniz kimi, aprel ayında cüdo üzrə Avropa çempionatı keçirilməli idi. Amma yeni qərara əsasən, qitə çempionatı Avropa Oyunlarının çərçivəsində təşkil olunacaq. Buna görə də ən güclü cüdoçular paytaxtımıza gələcəklər. Son Olimpiya oyunlarındakı statistikaya nəzər salsaq, mükafatçılar arasında qitə idmançılarının üstünlük təşkil etdiyini görə bilərik. Avropa Oyunlarının yüksək reytinq xalı verməsi yarışda çox ciddi rəqiblərin olacağından xəbər verir. Buna görə də komandamızın üzvlərinin işini heç də asan hesab etmirəm. Lakin idmançılarımız bir sıra təlim-məşq toplanışlarından və yarışlardan sonra böyük təcrübə qazanıblar. İnanıram ki, cüdoçularımız bu təcrübədən yararlanaraq mükafatçılar sırasında yer alacaqlar”, - deyə komandanın baş məşqçisi əlavə etdi. Qeyd edək ki, əvvəllər komandamız 100+ kq çəki dərəcəsində yarışlarda təmsil olunmurdu. Lakin Peter Zeyzenbaherin dövründə komandaya gürcüstanlı cüdoçu Kokauri Uşangi cəlb olundu. Gürcüstanlı idmançı 23 yaşında Avropa çempionatında ikinci yeri tutub. Təlim-məşqlərdən və yarışlardan sonra böyük təcrübə qazanan Kokauri Rio-de-Janeyro Olimpiya oyunlarında komandamızın heyətində ən ağır çəki dərəcəsində ölkəmizi təmsil edəcək. O, "Böyük dəbilqə” və Avropa Oyunlarında medal qazanmaq imkanı olan cüdoçulardan biri sayılır.
Azər