Yeni reytinq siyahısı cüdoçularımız üçün uğurlu oldu

Yeni reytinq siyahısı cüdoçularımız üçün uğurlu oldu


Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Tərtib olunan yeni siyahıda yığmamızın aparıcı üzvləri irəliləyiblər. Belə ki, ötən siyahı ilə müqayisədə budəfəki cədvəldə baş məşqçi Hacıağa Hacıəhmədovun yetirmələrindən 5-i ilk onluqda yer alıb. Təmsilçilərimizdən ən yaxşı nəticə "Böyük dəbilqə” turnirində bütün rəqiblərini üstələyərək qızıl medal qazanan Rüstəm Orucova (73 kq) məxsusdur. O, qazandığı qələbə sayəsində aktivinə 500 reytinq xalı əlavə edib ki, bu da cüdoçumuzun ikinci pilləyə yüksəlməsinə şərait yaradıb. "Böyük dəbilqə” turnirinin digər qalibi Nicat Şıxəlizadə (66 kq) də irəliləyənlər sırasındadır. Qızıl medal qazanan cüdoçumuz 11 pillə irəliləyərək 9-cu olub. 100 kq çəkili idmançımız Elmar Qasımov ötən siyahıdakı mövqeyini qoruyub. Aktivində 2085 reytinq xalı olan təcrübəli cüdoçumuz ikinci sırada qərarlaşıb. Onunla eyni çəkidə olan yeganə dünya çempionumuz Elxan Məmmədov da mövqeyini qoruya bilib. O, 1361 xalla 8-ci sıradadır. Əvəzində Orxan Səfərov (60 kq) üç pillə geriləyib. "Böyük dəbilqə” turnirində uğursuz çıxış edən yığmamızın üzvü 6-cı sıraya enib. Orxanla eyni çəkidə yer alan digər cüdoçumuz İlqar Müşkiyev bir pilə irəliləyərək 13-cü olub. Çəkisi 90 kq olan idmançımız Ramin Qurbanov 4 pillə irəliləyərək 51-ci pilləyə yüksəlib. Digər cüdoçularmıza gəlincə, Tərlan Kərimov (66 kq) 34-cü, Hüseyn Rəhimli (73 kq) 70-ci, Məhəmmədəli Mehdiyev (81 kq) 81-ci, Şahin Qəhrəmanov (90 kq) isə 60-cı pillədə yer alıb.
Komandamızın üzvlərindən Uşanqi Kokauri (+100 kq) bir pilə geriləyərək 39-cu pillədə qərarlaşıb. Zədə səbəbindən son yarışlarda iştirak etməyən Kifayət Qasımova (57 kq) da geriləyib. Xanım cüdoçumuz 36-cı sıradakı mövqeyini 43-cü pilləyə dəyişib. Məlumat üçün qeyd edək ki, cüdo idman növündə Olimpiya oyunlarına lisenziya reytinq cədvəlinə əsasən verilir.