Tailandın Pattaya şəhərində 7-17 yaşlı məktəblilər arasında keçirilən Dünya çempionatı başa çatıb.
Olimpnews.az-a Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbindən verilən məlumata görə, turnirdə 34 ölkədən 460 şahmatçı qüvvəsini sınayıb. Məktəbin direktoru Natiq Məmmədov yarışla bağlı deyib: "Yarış komandamız üçün uğurla başa çatdı. 7 yaşlı qızlar arasında Leyla Budaqova 9 oyundan 7,5 xal toplayaraq dünya çempionu tituluna layiq görüldü. Ümumilikdə komandamız blits üzrə Dünya çempionatı da daxil olmaqla 4 qızıl medala sahib çıxdı. Bundan əlavə, komandamız 34 ölkə arasında medalların sayına görə 2-ci yeri tutdu”.
Qeyd edək ki, digər yaş qruplarında da uğurla çıxış edən yığmanın üzvləri reytinq əmsallarını artırmaqla ilk 10-luqda qərarlaşıblar. Belə ki, 15 yaşlı qızlar arasında Süsən Məmmədova 9-cu yer, 17 yaşlı qızlar arasında Xəyalə Nağıyeva 10-cu yer, 9 yaşlı oğlanlar arasında Ümid Aslanov 6-cı yer, Süleyman Süleymanlı 7-ci yer, 13 yaşlı oğlanlar arasında Murad İbrahimli 6-cı yeri tutublar.