Cüdoçularımız Mərakeşdə yüksək nəticə göstəriblər

Cüdoçularımız Mərakeşdə yüksək nəticə göstəriblər


Mayın 23-24-də Mərakeşin Rabat şəhərində cüdo üzrə "World Masters” beynəlxalq turniri keçirilib. 51 ölkədən 223 (114 kişi, 109 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da mübarizə aparıblar. Yarışda hər çəki dərəcəsi üzrə beynəlxalq reytinq cədvəlində ilk 16 pillədə qərarlaşan cüdoçular iştirak ediblər. 700 reytinq xalı verən turnirdə komandamız 6 cüdoçu ilə təmsil olunub. Yarışda komandamızın heyətində baş məşqçi Hacıağa Hacıəhmədovun rəhbərliyi altında Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Elmar Qasımov və Elxan Məmmədov (hər ikisi 100 kq) qüvvələrini sınayıblar. İki gün davam edən yarışı komandamız üçün uğurlu hesab etmək olar.
Yarışın birinci günündə komandamız bir gümüş və bir bürünc medal qazanıb. Əvvəlcə tatamiyə çıxan 60 kq çəki dərəcəli cüdoçumuz Orxan Səfərov gümüş medala layiq görülüb. O, İsrail, Almaniya və Monqolustan idmançılarını üstələyərək finala çıxıb. Həlledici mərhələdə yaponiyalı Naohişa Takatoya məğlub olan Orxan ikinci yerdə qərarlaşıb. Bu çəki dərəcəsində mübarizə aparan İlqar Müşkiyev isə ümidləri doğrultmayıb. O, əvvəlcə Böyük Britaniya təmsilçisi Eşli Mkenziyə qalib gəlsə də, növbəti mərhələdə yaponiyalı cüdoçuya məğlub olaraq mübarizəni dayandırıb. Bir neçə gün öncə 66 kq çəki dərəcəsində "Böyük dəbilqə” turnirinin qalibi olan Nicat Şıxəlizadə isə bu dəfə 7-ci yeri tutub. 73 kq çəkili idmançıların mübarizəsində komandamızı Rüstəm Orucov təmsil edib. Gürcüstan və Monqolustan idmançılarına qalib gələn təmsilçimiz növbəti mərhələdə rusiyalı Denis İartçevə məğlub olub. Bürünc medal uğrunda şanslarını saxlayan təcrübəli idmançımız həlledici mərhələdə fransalı Pierre Duprata qalib gələrək bürünc medal əldə edib.

Yarışın ikinci günündə komandamız daha bir medal qazanıb. 100 kq çəki dərəcəli idmançıların yarışında mübarizə aparan Elmar Qasımov bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüb. Mübarizəyə 1/8 finaldan başlayan Elmar Əlcəzair, Qazaxıstan və Hollandiya təmsilçilərinə qalib gələrək finala çıxıb. Həlledici mərhələdə reytinq cədvəlinin ilk pilləsində qərarlaşan çexiyalı Lukas Krpaleki də üstələyən cüdoçumuz birinci yerə layiq görülüb. Elmarla eyni çəkidə yer alan Elxan Məmmədov isə turniri 7-ci sırada başa vurub.
Beləliklə, 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan yığmamız komanda hesabında 6-cı yeri tutub.