Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku” Çində keçirilən sayca 14-cü "Tour de Qinghai Lake” yürüşündə iştirak edir. Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 22 komanda iştirak edir ki, onlardan biri dünya turu, üçü pro-kontinental, on səkkizi kontinental klubdur.
Yarışın 188 km-lik ikinci mərhələsi komandamız üçün xoş olmayan hadisə ilə yadda qalıb. Belə ki, Samir Cəbrayılov və Aleksandr Surutkoviç iki dəfə onlardan öndə baş verən toqquşmadan qaça bilməyiblər. İlk epizodda velosipedçilərimiz mübarizəni davam etdirə bilsələr də, ikinci toqquşma zamanı Aleksandr Surutkoviçin sağ qolu sınıb və o, Çin turnirində iştirakını yarımçıq dayandırıb.
Digər velosipedçilərimizin çıxışına gəlincə, onların hamısı məsafəni mərhələ qalibi, Sloveniyanın "Adria Mobil” komandasının üzvü Marko Kumpla eyni vaxtda keçən pelotonun içərisində olublar - 4 saat 26 dəqiqə 27 saniyə. Ən yüksək göstərici Yannis Tamuridisə məxsusdur - 12-ci yer. Maksim Averin 25-ci, Matey Müqerli 35-ci, Elçin Əsədov isə 37-ci olub.
İki mərhələdən sonra "Synergy Baku” komanda hesabında 22 kollektiv arasında 2-ci yerdədir.