Şahmatçılarımız məktəblilərin Avropa çempionatını 5 medalla başa vurublar

Şahmatçılarımız məktəblilərin Avropa çempionatını 5 medalla başa vurublar


Türkiyənin Konya şəhərində keçirilən 7-17 yaşınadək məktəblilər arasında şahmat üzrə Avropa çempionatına yekun vurulub. Yarışda ölkəmizlə yanaşı, Rusiya, Türkiyə, İngiltərə, Finlandiya, Bolqarıstan, Rumuniya və Moldovadan ümumilikdə 670 şahmatçı mübarizə aparıb.
İsveçrə sistemi üzrə keçirilən 9 turdan ibarət yarışda ölkəmizi müxtəlif yaş qruplarında 35 şahmatçı təmsil edib. Azərbaycan şahmatçıları son turda inamla çıxış edərək 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. Qaliblər Avropa Şahmat İttifaqının kubokları, medalları və qiymətli hədiyyələri ilə təltif olunublar. 9 yaşınadək oğlanların çempionatında Suüleyman Süleymanli 9 oyundan 7,5 xal toplayaraq qızıl medala layiq görülüb. Kənan Qarayev 13 yaşınadək oğlanların yarışında 7 xalla gümüş medalın sahibi olub. 11 yaşınadək oğlanlar arasında yarışda Xəzər Babazadə 7 xalla 3-cü yeri tutub. Aytac Heydərova isə 6,5 xal toplayaraq 13 yaşınadək qızlar arasında üçüncü yerlə kifayətlənib. Ölkəmizə 3-cü bürünc medalı 15 yaşınadək qızların yarışında mübarizə aparan Nərmin Kərimzadə qazandırıb. 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan şahmatçılarımız komanda hesabında Türkiyə və Rusiyadan sonra 3-cü yeri tutublar.